YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN və Müdafiə Nazirliyinin birgə BƏYANATI: Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini intensiv şəkildə pozması və təxribatlar törətməsi ilə bağlı birgə bəyanat yayıblar. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və sistematik şəkildə hədəfə alınır.

Bütün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılan Ermənistanın bu kimi qəddar əməllərinin nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərminazın isə ağır yaralanması hər kəsə məlumdur.

İyulun 25-də Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib və silahlı qüvvələrimizin mövqelərinə yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər atılıb.

Bəyanatda Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən təxribatlarının adi hal olmadığı vurğulanır və qeyd edilir ki, bu təxribatlar ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir. Ermənistanın bu kimi çirkin niyyətli əməlləri, həmçinin siyasi təhrikçi addımlarla müşayiət olunur. Buna əyani sübut kimi, bəyanatda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta “parlamenti”ndə iyulun 19-da beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan “prezident” seçkisinin keçirilməsi göstərilir.

“Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və vəziyyəti qəsdən gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks-təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaq”, - deyə bəyanatda vurğulanır.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalını bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.

Ermənistanın təbliğat maşınının yalançı səylərinə baxmayaraq təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib, onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə aparıb. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bəyan edirlər ki, Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək.

Bəyanatda bildirilir ki, törədilən təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət bütünlüklə Ermənistanın üzərinə düşür.