YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur

«Qlobal miqyasda kəskin maliyyə qıtlığı yaşandığı indiki şəraitdə investisiya cəlbediciliyinin kifayət qədər yüksək olması Azərbaycanı iqtisadi aktivlik baxımından diqqəti çəkən ölkə kimi fərqləndirən əsas cəhətlərdən biridir». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

 R.Əliyev bildirib ki, hazırda adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur. Onun sözlərinə görə, ölkəmizin investisiya cəlbediciliyini şərtləndirən bir sıra fundamental amillər var.

«Yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərmanı da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan müvafiq fərmanlara əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi bütün ölkə miqyasında özəl investisiyaların artımına təkan verib. Ötən bir ildə 80-dən çox investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür»- deyə, R.Əliyev qeyd edib.