YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” mövzusunda tədbir keçirilib

Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə Bakıda “Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” mövzusunda tədbir keçirilib.

Əvvəlcə hərbi çevrilişə cəhd zamanı şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova tədbirdə 2016-cı il iyulun 15-i Türkiyədə baş verən hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı xalqın göstərdiyi şücaətdən bəhs edib. Qeyd olunub ki, əliyalın xalq demokratiya yolunda terrorçuların qarşısına çıxdı, şəhidlər verdi.

Sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə ediblər. Nəticədə 250 vətəndaşı şəhid olub, 2000-dən çox vətəndaş isə yaralanıb. Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq hamı demokratiya naminə birləşərək, öz gələcəyinə sahib çıxdı.

Daha sonra Türkiyədə baş verən hərbi çevriliş ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov isə qeyd edib ki, iyulun 15-də Türkiyə müasir tarixinin ən çətin gününü yaşadı. Həmin gün baş verən hadisələr hər hansı siyasi partiyaya və ya şəxsə qarşı deyil, sözün həqiqi mənasında, konstitusion quruluşun devrilməsi, Türkiyənin çökdürülməsi məqsədinə xidmət edirdi. Lakin Türk xalqı öz Prezidentinin ətrafında sıx birləşərək mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, iyulun 15-i Türkiyə üçün şanlı bir tarixdir. Din şəriətdir, mənəviyyatdır. Lakin din əsla siyasətə alət olmamalıdır. Həmin gün demokratiyanın müdafiəsinə qalxan xalq göstərdi ki, Türkiyədə hakimiyyəti xalq seçir.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və digərləri Türkiyədə dövlət çevrilişinə cəhdin ölkənin inkişafını, onun beynəlxalq aləmdəki nüfuzunu gözü götürməyən insanlar tərəfindən təşkil edildiyini bildiriblər. Azərbaycan ilə Türkiyənin hər zaman bütün məsələlərdə bir-birlərini dəstəklədiyini vurğulayıblar.