YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynqulu Bağırov: Meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib

«Son 15 ildə meşə fondu ərazilərində 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib. Yaşıllaşdırma işləri geniş vüsət alıb, son 6 il ərzində arid sahələrdə yeni yaşıllaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulub». Bu fikirləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

H.Bağırov bildirib ki, nazirliyin nəzdində yaradılmış “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin xidməti ərazisində 2 min hektar sahədə zeytun bağları salınıb, burada becərilən zeytun ağaclarının sayı 1,3 milyonu keçib. Bu bağlardan 2016-cı ildə ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ilə artaraq 2017-ci ildə 1000 tona, 2025-ci ilədək isə 15 min tona çatması gözlənilir.

Bundan başqa, 2017-2021-ci illər ərzində əlavə olaraq 5396 hektar ərazi müəyyənləşdirilib ki, orada da zeytun plantasiyasının salınması, o cümlədən yaşıllaşdırma aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ildə salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytun yağı və digər zeytun məhsullarına daxili ehtiyacın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq.

«Ekoloji sahəyə göstərdiyiniz xüsusi diqqət sayəsində Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin də marağına səbəb olub. BMT-nin sifarişi ilə məşhur Yel və Kolumbiya universitetləri tərəfindən xüsusi bir elmi mərkəz yaradılıb və həmin mərkəz 2016-cı ildə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb. 180 ölkəni əhatə edən indeksə görə Azərbaycan 31-ci sırada qərarlaşıb. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub.

Meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub.

Həmin qiymətləndirməyə əsasən Azərbaycan iqlimə təsir edən faktorların azaldılması və enerjidən istifadənin ətraf mühitə təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındakı nailiyyətlərə görə isə birinci yerdə qərarlaşıb. Ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar 1990-cı ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb. Buna davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması, ən əsası isə Azərbaycanın bütün bunlara öz resursları hesabına nail olması səbəb olub»- deyə, nazir vurğulayıb.