YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Əhmədzadə: Cəmiyyət tərəfindən ölkədə kənd təsərrüfatı məhsullarının inkişafına xidmət edəcək bu layihələr hesabına cari ildə 99 min hektar, o cümlədən 72 min hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcək

«Ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, idxal məhsullarının azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılması, yeni iş yerlərinin yaradılması haqqında Sizin verdiyiniz tapşırıqların yerinə yetirilməsində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşür». Bu fikirləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Ə.Əhmədzadə bildirib ki, son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi aparılıb, 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1804 ədəd subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.

«Ulu Öndərimizin ideyalarının Sizin tərəfinizdən həyata keçirilməsi nəticəsində su elektrik stansiyaları, magistral kanallarla birlikdə Taxtakörpü və Şəmkirçay su anbarları kimi XXI əsrin nəhəng layihələri reallaşdırılıb. Nəticədə 200 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması, 50 min hektara yaxın yeni suvarılan sahələrin dövriyyəyə cəlb olunması imkanları yaradılıb, Bakının, Sumqayıtın, Gəncənin, ətraf rayonların içməli su ilə təmin edilməsi kimi strateji əhəmiyyətli sosial problemin həlli mümkün olub.

Möhtərəm cənab Prezident, Sizə məlumat vermək istəyirəm ki, bu il 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Taxtakörpü su anbarı tam layihə həcmində - 270 milyon kubmetr su ilə doldurulub və qurğu tam gücü ilə işləməyə başlayıb. İstifadəyə verildiyi vaxtdan indiyədək su anbarına 1 milyard 241 milyon kubmetr su yığılıb ki, onun da 1 milyard 127 milyon kubmetri su istifadəçilərinə verilib.

Taxtakörpü su anbarı zonasında ilkin mərhələdə suvarma suyu ilə təmin edilmiş 11 min hektara yaxın yeni suvarılan torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Xızı, Siyəzən və Şabran rayonlarında cari ildə daha 21 min hektara yaxın sahə suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək və meliorativ vəziyyət yaxşılaşdırılacaq.

Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib.

Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi nəticəsində su mənbəyi işğal altında olan Goranboy rayonunun 8 min hektar sahəsinə su çatdırılıb, daha 18 min hektardan çox sahəyə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsi cari ildə suvarma suyu ilə təmin ediləcək.

Möhtərəm cənab Prezident, Sizin sərəncamlarınızla ayrılmış vəsait hesabına Kür çayında nasos stansiyasında və "H" kanalında tikinti işləri davam etdirilərək 2017-ci il mayın 1-nə birinci mərhələdə Sabirabad rayonunun 4 min hektardan çox əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun 5000 hektar qış otlaq sahələrinə də suvarma suyunun çatdırılması təmin olunacaq. Cari ildə Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək sentyabr ayında Neftçala rayonunun 5605 hektar və Ağcabədi rayonunun 2700 hektar yeni suvarılacaq torpaq sahələri istifadəyə veriləcək. Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaratmaq məqsədilə Araz çayının yeni qolunun inşa olunmuş hissəsinin davamı olaraq, 54 kilometr uzunluğunda kanalın tikinti işlərinə başlanılıb və bu işlər oktyabr ayında tamamlanacaq.

Qax rayonunda yaradılmış "Qax Aqropark"a məxsus 1500 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb.

Dünya Bankının krediti ilə İmişli, Ağcabədi, Saatlı və Goranboy rayonlarında 9 min hektardan çox əkin sahələrinin su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılacaq. Eyni zamanda, Şabran, Siyəzən, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında içməli su və kanalizasiya şəbəkələrində, çirkab sutəmizləyici qurğularında tikinti işləri davam etdirilir.

Sizin müvafiq sərəncamlarınızla ehtiyat fondundan ayrılan vəsait hesabına cari ildə 98 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib, ilin sonuna qədər daha 150 ədəd quyunun qazılması təmin ediləcək. Cəmiyyət tərəfindən ölkədə kənd təsərrüfatı məhsullarının inkişafına xidmət edəcək bu layihələr hesabına cari ildə 99 min hektar, o cümlədən 72 min hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcək və 27 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Suvarma su mənbəyi yaradılan bu ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikası tətbiq edilməklə və torpaqların meliorasiyası işləri aparılmaqla intensiv texnologiyalar əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaq»- deyə, Ə.Əhmədzadə vurğulayıb.