YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kərəm Həsənov: Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur

«Ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqlardan səmərəli istifadə olunması, onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi sahəsində də mühüm irəliləyişlərə nail olunub». Bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

K.Həsənov bildirib ki,  bu sahələrdə mövcud dünya təcrübəsinə söykənən yeni texnologiya və idarəetmə üsulları tətbiq edilib və qanunvericilik bazası təkmilləşdirilib. Onun sözlərinə görə, ölkədə ilk dəfə olaraq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb.

«Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üzrə artıq yekunlaşıb. Torpaq uçotu materiallarının təhlili göstərir ki, bir sıra təsərrüfatlarda pay bölgüsünün sona çatdırılmaması halları, pay torpaqlarına dair sənədlərdəki məkan göstəriciləri ilə vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcuddur. Kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmamış təsərrüfatlarda yerquruluşu işləri həyata keçirilir. Bu işlər çərçivəsində Xaçmaz, Siyəzən, İmişli, Beyləqan rayonunda yaşayan 1000-dən çox ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemi öz müsbət həllini tapıb»- deyə, Komitə sədri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv