YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya və Ukraynadakı diaspor təşkilatları Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb

“AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.

Ermənistan silahlı qüvvələrinin təxribatını pisləyən bəyanatda deyilir: “Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaq hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”. Bəyanat müəllifləri dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası və Avropa Birliyini dinc əhalinin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırır: “Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.

Diaspor təşkilatlarımız Rusiya, Ukrayna və Moldovanın kütləvi informasiya vasitələrində Alxanlı hadisəsi ilə bağlı çıxışlar etməyi də planlaşdırır.