YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə dərc edib

Helsinki Komissiyası adı ilə də məşhur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiya Dağlıq Qarabağ münaqişəsi haqqında qısa hesabat dərc edib. Sənəddə deyilir ki, Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi dünyada ən çətin həll edilə bilən və çoxdan davam edən ərazi-etnik münaqişələrdən biridir. Məruzədə XX əsrin əvvəlindən bu münaqişənin başlanması tarixi şərh edilib. Qeyd edilir ki, 1923-cü ildə Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsi Dağlıq Qarabağ Muxtar vilayətinin (DQVM) yaradılması üçün ayrılıb. Daha sonra Dağlıq Qarabağ münaqişəsinin ən fəal mərhələsindən – 1991-1994-cü illərdə Ermənistan ilə Azərbaycan arasında tammiqyaslı müharibə aparılmasından bəhs edilir. Məruzənin müəllifləri həmin dövrdə erməni separatçılar tərəfindən Dağlıq Qarabağın “müstəqilliyi”nin elan edilməsindən söhbət açaraq vurğulayırlar ki, bu “müstəqillik” statusu beynəlxalq birlik tərəfindən tanınmayıb.

Hesabatın müəllifləri Azərbaycan ərazilərinin işğal olunmasında rəsmi Yerevanın birbaşa rolunu təsdiq edərək vurğulayırlar ki, Dağlıq Qarabağ müharibəsi dövründə “Yerevan beynəlxalq birlik tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmaqda davam edən Dağlıq Qarabağı və ona bitişik 7 rayonun ərazisini tamamilə və ya qismən ələ keçirib”.

Dağlıq Qarabağ ətrafında münaqişə 1994-cü ildən indiyə qədər həll edilməyib, Ermənistan və Azərbaycan qoşunları arasında bütün təmas xətti boyunca vaxtaşırı döyüş əməliyyatları baş verir. Məruzədə deyilir ki, 1994-cü ildən bəri atəşkəs rejimi 7.000 dəfədən çox pozulub. 2016-cı ilin aprel ayında son 20 ildən artıq dövrdə ən ciddi münaqişə baş verib. “Dörd günlük müharibə”nin gedişində Azərbaycan 1994-cü ildə atəşkəs rejimi yaradılandan bəri status-kvonun ilk dəfə dəyişməsi olan başqa uğurlarla bərabər, strateji əhəmiyyətli iki yüksəkliyi öz nəzarəti altına almağa müvəffəq olub.

Məruzə müəllifləri qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın və Azərbaycanın mövqeləri fərqlidir: Ermənistan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon üzərində tam nəzarəti əldə saxlamağa çalışır. Məruzədə vurğulanır ki, müşahidəçilərin çoxunun fikrincə, Ermənistanın əsas məqsədi təhlükəsizliyə tam təminat almaq, o cümlədən Dağlıq Qarabağı bütünlüklə Ermənistan hüdudlarına daxil etməkdir.

Məruzədə göstərilir ki, ATƏT-in Minsk qrupu bu münaqişənin uzunmüddətli tənzimlənməsinə nail olmağa çalışır. Sənəddə Madrid prinsiplərində şərh edilmiş əsas məqamlar, habelə münaqişə barəsində Rusiyanın və ABŞ-ın mövqeləri də sadalanır. Hesabatda deyilir ki, Birləşmiş Ştatların bu regiona münasibətdə siyasəti, çox cəhətdən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və eyni zamanda, Dağlıq Qarabağın gələcək statusunun danışıqlar yolu ilə nizamlanacağını bildirir.

Daha sonra deyilir ki, Helsinki Komissiyası 1990-cı ildən başlayaraq bu münaqişənin nizamlanması perspektivlərini öyrənib və bir neçə dəfə dinləmələr və brifinqlər keçirərək məcburi köçkünlərin ağır vəziyyətini tədqiq edib. Komissiya ABŞ Konqresi nümayəndələrinin açıq bəyanatları vasitəsilə ardıcıl olaraq bu münaqişənin dinc yolla və uzunmüddətli həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Komissiyanın üzvləri regiona səfərlər edib, o cümlədən 1990-cı ildə münaqişə zonasında olub, Ermənistan ilə Azərbaycan arasında “qanlı və təşviş doğuran münaqişə” ilə əlaqədar narahatlıq keçirdiklərini bildiriblər. Məruzə müəllifləri region dövlətlərinin rolundan danışaraq yazırlar ki, Türkiyənin Azərbaycan ilə sıx münasibətlərini və Ermənistan üçün potensial iqtisadi əhəmiyyətini nəzərə alaraq, bu münaqişənin həllinin istənilən variantında Türkiyənin çox böyük rolu olacaq.

Məruzənin sonunda qeyd edilir ki, Helsinki Komissiyası regionda hadisələrin inkişafını izləməkdə davam edəcək, gərginliyin azaldılması üçün konkret tədbirlər təklif edəcək, münaqişənin siyasi yolla qəti həllinə nail olmaq üçün diplomatik prosesdə zəruri pozitiv addımları dəstəkləyəcək.

DİGƏR Xəbərlər Arxiv