YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin üzvü 28 May – Respublika Günü ilə bağlı bəyanat verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Nyu-Cersi ştatını təmsil edən Donald Peyn Azərbaycanın milli bayramı - Respublika Gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.

Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə dünyada ilk demokratik və dünyəvi müsəlman dövləti qurduğunu, lakin müstəqilliyinin qısa sürdüyünü vurğulayıb. Buna baxmayaraq, Sovet İttifaqının əsarətindən qurtulan Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi bildirilib.

D.Peyn ABŞ-ın müttəfiqi olan Azərbaycana Birləşmiş Ştatlar və NATO qüvvələrinə göstərdiyi mühüm dəstəyə, Azərbaycan hərbçilərinin Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyin vuruşduğuna, habelə Kosovo və İraqdakı əməliyyatlara verdiyi töhfələrə görə ölkəsinin minnətdarlığını ifadə edib.

Bəyanatda müsəlman ölkəsi olan Azərbaycanın 1990-cı illərdən etibarən İsraillə sıx əlaqələr qurduğu, ölkəmizin yəhudi icmasının evi olduğu və tolerant cəmiyyətimizdə dini azadlığın və plüralizmin təmin edildiyi vurğulanıb.

Sonda BMT, NATO və ATƏT-in üzvü kimi Azərbaycan beynəlxalq ictimaiyyətdəki roluna görə təqdir edilib və ölkəmizin strateji cəhətdən mühüm və mürəkkəb regionda ABŞ-ın güclü tərəfdaşı olduğu vurğulanıb.