Xəbərlər
Müdafiə Nazirliyi: Ermənistanın “OSA” zenit-raket kompleksi məhv edilib

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.
Müdafiə Nazirliyindən bildiriblər ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, ekipajı beş nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkarlayaraq izləməyə və 9 kilometr məsafədə məhv etməyə qadirdir.