Xəbərlər
Nizami Cəfərov: Azərbaycançılıq ideologiyasında öz əksini tapmış fəlsəfədə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur

«Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur». Bu fikri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir. Onun sözlərinə görə, bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur.
«O var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir. Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz illərlə necə məskun olmuşdursa bu gün də məskundur. Ona görə də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan dövlətçiliyi tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət- ənənələrin daşıyıcısıdırlar. Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani bir ehtiyacdır»- deyə, N.Cəfərov qeyd edib.