YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir

«2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir». Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycanda dərin siyasi islahatlara start verdi. Dövlət başçısının sözlərinə görə, siyasi islahatların aparılması ilə Azərbaycanda demokratiyanın inkişafına çox böyük təkan verilmişdir. Bu gün Azərbaycanda bütün azadlıqlar var. Azərbaycan cəmiyyəti azadlıq şəraitində yaşayır, siyasi islahatlar davam etdirilir. Biz demokratik yolumuza dəfələrlə öz sadiqliyimizi göstərmişik.

«Heydər Əliyev 1993-cü ildə uğurlu xarici siyasət aparmağa başlamışdır. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. O vaxta qədər Azərbaycan haqqında dünyada, ümumiyyətlə, məlumat yox idi, ya da ki, erməni lobbiçiləri dünya ictimaiyyətinə ölkəmiz haqqında yanlış, təhrif edilmiş məlumat çatdırırdılar. Heydər Əliyev o informasiya blokadasını dağıda bildi. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bir çox önəmli beynəlxalq tədbirlər, forumlar keçirilir. Azərbaycan 155 ölkənin dəstəyi ilə dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Biz bu istiqamətdə də Heydər Əliyevin siyasətinə sadiqliyimizi göstərdik, onun siyasətini davam etdirdik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da biz Heydər Əliyev kimi prinsipial mövqeyimizi müdafiə edirik və bu mövqe gündən-günə güclənir. 2003-cü ildən bu günə qədər aparıcı beynəlxalq təşkilatların qərarları, qətnamələri də bunu təsdiqləyir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı. Bütün bu təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi əks etdirən ədalətli qərarlar, qətnamələr qəbul etmişlər və Ermənistanın işğalçı siyasətini pisləmişlər. Artıq bu illər ərzində Xocalı soyqırımını dünyanın bir çox ölkələri rəsmən soyqırımı kimi tanıyıb və bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u heç kim tanımayıb. Minsk qrupuna həmsədrlik edən ölkələr bunu bəyan etdilər ki, bu “referendum”u tanımırlar. Qonşu ölkələr eyni bəyanatlar verdilər, beynəlxalq təşkilatlar bu bəyanatlarla bir daha göstərdilər ki, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırlar və Dağlıq Qarabağı, bu qondarma qurumu tanımırlar və əminəm ki, tanımayacaqlar.

Ordu quruculuğu Heydər Əliyev üçün prioritet məsələ idi. Çünki o, hakimiyyətə gələndə bizdə nizami ordu yox idi. Bizim əsas problemimiz də bundan qaynaqlanırdı. Ordu quruculuğu prosesi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu bütün beynəlxalq reytinqlər də təsdiqləyir. Həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu keçən ilin aprel ayında baş vermiş toqquşma da göstərdi. Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini – Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, - Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur, bugünkü Azərbaycan Ordusu. Biz Ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, Ordumuzun uğurlarına kölgə salsın»- deyə, Prezident İlham Əliyev vurğulayıb.