YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin xatirəsi Tarsus şəhərində anılıb

Mayın 9-da Türkiyənin Tarsus şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə çıxış edən Tarsus bələdiyyəsinin sədri Şevket Can bildirib ki, Türkiyə və Azərbaycan xalqları qardaşdır. Xətai rayonu ilə Tarsus şəhəri 2007-ci ildən qardaşlaşıb, 2009-cu ildə isə Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tarsusda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu park açılıb. Bu gün Heydər Əliyev Azərbaycanda nə qədər sevilirsə, bizdə də o qədər sevilir. Böyük öndər Heydər Əliyev həyatı boyunca bu qardaşlığın daha da güclənməsi üçün əlindən gələni edib və “İki dövlət, bir millət” kəlamı ilə bu münasibətlərə əbədilik qazandırıb. Ulu öndər Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” deyib.

Çıxış edən Tarsus kaymakamı Yüksel Ünal Heydər Əliyevin türk dünyası üçün önəmli və əvəzsiz xidmətlərinin olduğunu bildirib.

Azərbaycanın Türkiyə üçün bir can olduğunu bildirən Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamaz deyib: “Həqiqətən, əziz Atatürkün 1930-cu illərdə dediyi kimi bu günlərin gələcəyini dörd gözlə gözləyirdik. İnsanlarımızın bir araya gəlməsini, bir-biri ilə bütünləşməsini həmişə arzu edirdik. Bu gün Allaha şükürlər edirik ki, azərbaycanlı qardaşlarımız, qan qardaşlarımız artıq heç bir yerdən icazə almadan birbaşa gəlib bizimlə görüşə bilirlər, bizlər də eyni şəkildə gedib qardaşlarımızla görüşə bilirik”.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxışında bildirib ki, hər bir millətin tarixində müstəsna rol oynamış, millətin taleyini dəyişdirən, dövrlər, nəsillər dəyişsə də heç bir zaman unudulmayacaq liderlər vardır. Belə insanların böyüklüyü illər keçdikcə daha aydın hiss olunur. Bu insanlardan biri də Azərbaycanın ümummilli lideri Heydər Əliyevdir. Sovet İttifaqı zamanından müstəqil Azərbaycanın bu gününə qədər keçən tarixi dövr ərzində həm dünyada, həm Azərbaycanda çox şeylər dəyişib. Amma bizim üçün dəyişməyəcək tək şey Heydər Əliyev şəxsiyyətinə olan sevgi və hörmətdir. Bilirsiniz ki, 1991-ci ildən müstəqilliyini yenidən qazanmış Azərbaycan çoxsaylı çətinliklərlə qarşılaşmış, iqtisadiyyatı tamamilə çökmüş, daxili çəkişmələr və xarici təzyiqlər nəticəsində müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə çətin bir vaxtda yenidən siyasətə qayıdan Heydər Əliyev xalqının ondan gözlədiyi missiyanı uğurla tamamlamış, Azərbaycanı parçalanma təhlükəsindən qurtarmışdır. Heydər Əliyev hər zaman Türkiyə ilə olan münasibətlərə xüsusi önəm verib. Çünki Türkiyə və Azərbaycanı bir millət iki dövlət olaraq görmüşdür.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyev, türk dünyasının dostluğu, qardaşlığı, əbədiyyən yaşayacaq, gələcək nəsillər bu qardaşlığı hər zaman davam etdirəcək.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da çıxışında Türkiyə və Azərbaycan qardaşlığının, dostluğunun əbədi olacağını dilə gətirib.

Daha sonra Ulu Öndərin adını daşıyan parkda ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub və parkın ərazisində ağaclar əkilib.

Doğum günü tədbirləri çərçivəsində Tarsusda fəaliyyət göstərən “Kampus Okulları” orta ümumtəhsil məktəbində konfrans mərkəzinə ulu öndər Heydər Əliyevin adının verilməsi münasibətilə mərasim təşkil olunub.

Ulu öndər Heydər Əliyevin, Mustafa Kamal Atatürkün böyük ölçülü portretləri ilə tərtib edilmiş səhnədə aparıcı qonaqları salamlayaraq Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi. Sonra Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, Vətən, torpaq yolunda canlarını qurban vermiş Azərbaycan və türk şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Məktəbin direktoru Əhməd Yağlı bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideridir.

Tarsus bələdiyyəsinin sədri Şövkət Can, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov çıxış edərək Ulu Öndərin fəaliyyətindən, dünya siyasətində yerindən, öz xalqına, millətinə xidmətindən danışıblar.

Tədbir zamanı eləcə də qərara alındı ki, Xətai – Tarsus qardaşlığının davamı olaraq bu tədris məktəbi ilə Xətai məktəblərindən biri ilə qardaşlıq münasibətləri qurulsun.