YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı tarixçi: Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsi yüksək səviyyədə təmin edilir

Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına qayğı və onların sosial müdafiəsi yüksək səviyyədə təmin edilir. Azərbaycanda İkinci Dünya müharibəsi döyüşçülərinin xatirəsinə həsr olunmuş memorial abidələrə münasibət başqa ölkələrə örnəkdir. Azərbaycanda Böyük Vətən müharibəsi ilə bağlı olan bütün sovet irsi diqqət və qayğı ilə qorunub saxlanılır. Bunlar hazırda Ermənistanda baş verənlərlə heç bir müqayisəyə gəlmir: Yerevanın mərkəzində nasistlərin əlaltısı, hərbi cinayətkar Qaregin Njdenin abidəsi qoyulub. Ermənistan daşnak ideologiyasını dövlət ideologiyası kimi mənimsəyib. Qaregin Njde daşnak olub, proletar beynəlmiləlçiliyinin, Sovet İttifaqının milli siyasət ideologiyasının düşməni olub. Qaregin Njdeyə qəhrəman donu geyindirmək Ermənistanın nümayişkaranə surətdə ümumi sovet keçmişindən imtina etdiyini, Böyük Vətən müharibəsi veteranlarına tüpürdüyünü göstərir.

Bu sözləri rusiyalı tarixçi Oleq Kuznetsov jurnalistlərlə görüşündə söyləyib.

O.Kuznetsov qeyd edib ki, Rusiya tarixçiləri birliyinin Böyük Vətən müharibəsinin məzmununa, nəticələrinə və yekunlarına baxışlarında müəyyən dəyişikliklər yaranıb. Bu il Sovet ordusunun arxa cəbhə xidmətinin 85 ili tamam olur. Rusiyada bu mövzuya həsr olunmuş hərbi-tarixi konfrans keçirilib və ilk dəfə rəsmi sürətdə hərbi logistikadan danışılıb. Konfransda döyüşən sovet ordusunun hərbi sursat, ərzaq, yanacaq, sürtgü materialları ilə təchiz edilməsində Azərbaycanın əvəzedilməz rolu vurğulanıb. 1943-cü ildə sovet ordusu məhz Azərbaycan sayəsində mexanikləşdirilib.

Rusiyalı tarixçi diqqətə çatdırıb ki, Rusiyada ilk dəfə dəmir yolu ilə İrandan Sovet İttifaqına Böyük Britaniya və Amerika təchizatının daşınması mövzusu qaldırılıb. Böyük Britaniya 1942-1943-cü illərdə Cənubi İranda, habelə İraq ərazisində bir neçə avtomobilyığma zavodu yaradıb. Bu zavodlarda sovet ordusunun ehtiyacları üçün əsasən ağır yük maşınları yığılırmış. Həmin texnika dəmir yolu ilə Azərbaycandan, o dövrdə hərbi təyinatlı iki iri stansiyadan – Biləcəridən və Ələtdən keçərək, İrandan SSRİ-nin lazımi məntəqələrinə çatdırılırdı. Azərbaycan təkcə neft mənbəyi, yaralı hərbi qulluqçuların müalicə olunduğu məkan deyildi, Azərbaycan böyük logistika dəhlizi rolu oynayırdı.

O.Kuznetsov vurğulayıb ki, 1915-ci ildə Petroqraddan Bakıya Dəniz Aviasiyası Məktəbi köçürülüb. Bütün İkinci Dünya müharibəsi dövründə və ondan sonra Bakıda düşmənin suda üzən gəmilərinə havadan hücum edən hərbçilər üçün Dəniz Aviasiyası Məktəbi fəaliyyət göstərib. Bu təyyarəçilərin qəhrəmanlığına həsr olunmuş bir neçə film çəkilib. Amma heç bir yerdə bu sahədə kadrlar hazırlayan yeganə məkanın Bakı olduğundan danışılmayıb.