YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı təşkil edilib

Mayın 4-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin üçüncü toplantısı keçirilir.

Toplantıda çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Bakının həm müasir, həm də klassik arxitekturasının mədəniyyətlərin harmoniyası olduğunu deyib. “Azərbaycan multikulturalizm ənənələrinin məkanıdır, sivilizasiyaların kəsişdiyi ölkədir. Azərbaycan artıq dördüncü dəfədir ki, bu nüfuzlu tədbirə ev sahibliyi edir. Bakı dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. “Bakı prosesi” dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib. Azərbaycan həmişə bu istiqamətdə iş aparıb”, - deyə A.Kərimov qeyd edib.

Toplantıda Valensiyada keçirilmiş ikinci iclasda işlənib hazırlanmış 2016-2018-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsi məsələləri müzakirə edilib. Bildirilib ki, qədim İpək Yolu ticari əhəmiyyət daşımaqla yanaşı, həm də xalqları və sivilizasiyaları birləşdirir. Azərbaycan öz coğrafi mövqeyi ilə bu tarixi yolda hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bakı, Şəki, Şamaxı, Gəncə kimi şəhərlərdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyətlərini, dinlərini bölüşməklə sülh içində yaşamanın örnəyi olublar.

Vurğulanıb ki, qədim İpək Yolu Azərbaycan tarixində zəngin irs qoyub. Ötən əsrin sonlarında tarixi İpək Yolunun mədəni əhəmiyyəti yenidən artmağa başladı. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Bakıda Avropa Komissiyası ilə birgə tarixi İpək Yolunun bərpası məqsədilə konfrans keçirilib və TRACECA kimi iri layihənin əsası qoyulub. Bu gün də Azərbaycan Şərqi və Qərbi birləşdirən layihələrdə fəal iştirak edir, həmçinin böyük layihələrin təşəbbüskarıdır.