YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda UNESCO direktorlarının 2-ci akademik forumu keçirilir

Mayın 4-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının 2-ci akademik forumu keçirilir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva forumu açaraq müzakirə ediləcək mövzuların aktuallığından danışıb. Bildirib ki, Azərbaycan tərəfi bu toplantıya böyük əhəmiyyət verir. Çünki 2015-ci ildə III Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu toplantının birincisi Bakıda təşkil edilib.

Nazir müavini deyib: “Biz UNESCO-nun müvafiq istiqamətdə fəaliyyətini daim dəstəkləyirik. Bu tədbir “Bakı prosesi”nin, habelə dünyada mədəniyyətlərarası dialoqun təhlili baxımından da əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirilib. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə Avropadan 10 ölkənin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirib. Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxıb. Nəticədə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. 170-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 minə yaxın olub və bu iştirakçılar intellektual və idarəetmə sahələrində dünyanın nüfuzlu insanlarıdır. Eləcə də Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Sammiti, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən forumlar dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir”.

Tədbirdə UNESCO-nun baş direktorunun müavini Nada əl-Nashif Azərbaycan ilə təmsil etdiyi təşkilat arasında əlaqələrdən söz açıb və dövlətimizin dəstəyini yüksək dəyərləndirib. Bildirib ki, UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının birinci akademik forumundan keçən müddətdə Azərbaycanın UNESCO-ya dəstəyi, cəlb edilən komandaların gördüyü işlər təqdirəlayiqdir.

Xanım Nada əl-Nashif deyib: “Akademik forum çox çağırışlarla dolu keşməkeşli bir dövrdə keçirilir. Siyasi elitanın bir araya gəlməsinə böyük ehtiyac var. Ona görə də bu forum bir fürsət kimi üzləşdiyimiz problemlərin həllində bir araya gəlmək baxımından önəmlidir”.

Xatırladaq ki, Bakıda UNESCO direktorlarının 1-ci akademik forumu 2015-ci il mayın 19-da keçirilib.

DİGƏR Xəbərlər Arxiv