YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb

Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. “Strateji yol xəritəsi”nə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib. Bu da hazırda öz nəticəsini verir. Belə ki, əgər ölkəyə turist gəlişi 25 faiz artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox olub. Bu artım 30 faizdən çoxdur. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur, bu da ölkəmizə diqqəti artırır.

Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 2-də Milli Məclisin plenar iclasında “Turizm haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Yeni hazırlanan qanunun əhəmiyyətinə toxunan Ə.Qarayev bildirib ki, elektron turizm xidmətlərin istifadəsinə böyük önəm verilməlidir. Qanunda yeni turizm zonalarının yaradılması və idarəedilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Turizm Dövlət Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaq. Reyestrin yaradılması dələduzluqların qarşısını alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Turizm haqqında” qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd 8 fəsil, 63 maddədən ibarətdir. Qeyd edib ki, bu qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.

Qanun layihəsinin iki ilə yaxın müddətdə hazırlandığını deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib. Dövlətimizin başçısı ölkədə əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub.

Qeyd edək ki, Turizm haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu yeni qanundan, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlardan ibarətdir.

Müzakirələrdən sonra “Turizm haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.