YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda qadın sahibkarlığının inkişafı mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilir

Aprelin 25-də Bakıda “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın keçirilməsində göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyinin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək, perspektivləri müəyyənləşdirməkdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, qadın sahibkarlığı problemi cəmiyyət üçün aktual məsələdir. Bu problem iki məsələnin həllində mühüm rol oynayır. Birincisi, qadın hüquqlarının təmini, gender bərabərliyinin həlli ilə əlaqədardır. Bunun üçün fundamental rol oynayan qadınların iqtisadi müstəqilliyi vacib məsələdir. İkincisi, qadınların iqtisadi fəallığının yüksəldilməsi cəmiyyətin iqtisadi potensialının artmasına səbəb olur.

Konfransda çoxsaylı ölkələrin təmsil olunmasının mövzunun aktuallığını göstərdiyini deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün mühüm əsaslar yaradılıb. Güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində məşğul olanların bütün vergilərdən azad edilməsi qadın sahibkarlığının inkişafına kömək edir. Son iki ildə sahibkarlıqla məşğul olan qadınların sayı artıb. Azərbaycan hökumətinin siyasətində qadın fəallığının artırılması mühüm yer tutur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar daha əhəmiyyətli rolları, funksiyaları öz üzərlərinə götürməyə hazırdırlar. Azərbaycan qadınları bütün dünyada toplanmış müsbət təcrübələrdən bəhrələnərək ölkənin iqtisadi həyatına öz töhfələrini verəcəklər.

Sonra Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların fəallığının artırılması istiqamətində dövlət tərəfindən yaradılan geniş imkanlardan söz açıb. Bildirib ki, Azərbaycanda hər bir ailənin sosial rifahının yüksəldilməsi istiqamətində qəbul edilən dövlət proqramları mühüm əhəmiyyət kəsb edir.

Konfrans çərçivəsində “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmləri”, “Qadın sahibkarlığının inkişafında yeni meyillər: müsbət tendensiyalar, təşəbbüslər və qazanılmış təcrübə”, “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzular üzrə sessiyalar keçiriləcək.

Konfransda Türkiyə, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Belarus, Rumıniya, İsveç, Mərakeş, Koreya Respublikasından nüfuzlu qonaqlar iştirak edirlər.