YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yerləşdiyi regionlar üçün mühüm əhəmiyyət kəsb edir

Aprelin 25-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası keçirilir.

İclası açan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədr müavini Özcan Ulupınar bildirib ki, gündəliyə daxil olan məsələlər barədə məlumat verib. Qeyd edib ki, mədəniyyət, təhsil, sosial məsələlər həm Azərbaycan, həm də QDİƏT-in yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir. Regionda mədəniyyət, təhsil və sosial məsələlərlə bağlı çoxtərəfli əməkdaşlığın inkişaf etirilməsində əhəmiyyətli rol oynamaqdadır.

“Bu təşkilat böhranlara cavab vermək məqsədilə bir çox vacib addımlar atır. Bundan sonra da təşkilat qarşılıqlı şəkildə yardımlaşmaya, səhiyyə sisteminin fəaliyyətinin artırılmasına xidmət etməlidir. Bunun üçün kifayət qədər güclü potensial da mövcuddur. Bütün qəbul edilən sənədlərdə qarşılıqlı yardımın, insan haqlarının qorunmasının təşkilatın xüsusi hədəfi olmalıdır. Günümüzdə rast gəlinən səhiyyə problemlərinə reaksiya verilməli, atılan addımlar öz müsbət nəticəsini göstərməli və ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Bu təşəbbüsləri inkişaf etdirmək üçün səylərimizi səfərbər etməliyik", - deyə Ö.Ulupınar vurğulayıb.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib: “Bu gün biz regional inteqrasiya proseslərinin geniş vüsət aldığı bir dünyada yaşayırıq. Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan bir çox siyasi, iqtisadi, ekoloji və digər problemləri yalnız ölkələrin səylərini birləşdirmək yolu ilə həll etmək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmayıb. Düşünürəm ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament məclisinin üzvü olan ölkələrin yerləşdiyi regiona da aid etmək olar. Bugünkü iclasımızın gündəliyində duran məsələ nəinki Azərbaycan, ümumiyyətlə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bu təşkilatın yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edən bir məsələdir”.

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda ötən illər ərzində əldə olunan iqtisadi nailiyyətlər, dövlətin iqtisadi potensialının artması ölkəmizdə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərdən biri kimi səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılır. Son illərdə böyük əksəriyyəti respublikanın bölgələrində olan beş yüzdən artıq tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilib, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təsis edilib. Səhiyyə sahəsində dövlət tərəfindən ayrılan vəsaitin həcmi dəfələrlə artıb. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda ana və uşaq ölümünün səviyyəsi kəskin surətdə aşağı düşüb. Onu da qeyd edim ki, səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə, idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamaq istərdim ki, səhiyyədəki islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edib" , - deyə Z.Əsgərov bildirib.