YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriya səfiri: Azərbaycanla turizm sektorunda çoxşaxəli əməkdaşlıq qurulması mümkündür

Avstriya Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verməkdə maraqlıdır. Hələlik ölkələrimiz arasında ticarət dövriyyəsinin ümumi həcmi 220 milyon avrodur. Lakin bu, mövcud potensialı əks etdirmir. Hazırda siyasi münasibətlərimiz imkan verir ki, biz ölkələrimiz arasında iqtisadi əlaqələri daha da gücləndirək. Xüsusən Azərbaycan ilə turizm sektorunda çoxşaxəli əməkdaşlıq qurulması mümkündür.

Bu fikirləri Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex Gəncəyə səfəri zamanı şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı məsələlərin müzakirəsi zamanı səsləndirib.

Səfir bildirib ki, ölkəsi yüksək təhsilə, qabaqcıl texnologiyalara və güclü iqtisadiyyata malikdir. Avstriyanın şəhərsalma, şəhər infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin göstərilməsi sahəsində böyük təcrübəsi var. Həmçinin ölkə aqrar sektorun bir çox sahələrinin inkişafına görə də dünya miqyasında ön sıralardan birini tutur.

Qeyd edilib ki, Avstriya ölkəmizdə müasir tipli aqroparkların qurulmasında, aqrar-sənaye komplekslərində yüksək idarəçiliyin təşkilində, kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında, ölkəmizə cins mal-qaranın, aqrar texnologiya və avadanlıqların ixracında və sənaye sahələrinin modernləşdirilməsində maraqlıdır.

Avstriyanın göllər diyarı olduğunu və turizm sektorunun bu ölkədə inkişaf etdiyini deyən səfir Aksel Vex bildirib ki, Azərbaycanda dağ-xizək turizminin inkişaf etdirilməsi, Göygöl və ətraf ərazilərdə turizm infrastrukturunun yaradılması, turizm üzrə mütəxəssislərin hazırlanması, eləcə də bu sektorda xidmətlərin göstərilməsində birgə əməkdaşlığın qurulması mümkündür.