YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dəmir yolu sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub

Dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müzakirələr aprelin 17-də Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası”, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası” zamanı aparılıb.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və İran İslam Respublikaları, Çin Xalq Respublikası, eləcə də İslam İnkişaf Bankı (İİB), Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECO-TDB) nümayəndə heyətləri iştirak edirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov ölkədə dəmir yolu üzrə həyata keçirilən layihələr, infrastrukturun və texniki heyətin müasirləşdirilməsi prosesi, tranzit potensialının artırılması istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu eləcə də qarşıda duran vəzifələr haqqında məlumat verib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışan İqbal Hüseynov bildirib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.

Nümayəndə heyətlərinin başçıları təmsil etdikləri qurumlarda bu istiqamətdə görülən işlər və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 12-ci iclasından keçən dövr ərzində dəmir yolu sektorunda həyata keçirilən islahatlar haqqında məlumat veriblər. Xatırladaq ki, həmin iclas 2015-ci ilin may ayında Tehran şəhərində keçirilib.

Daha sonra dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Qeyd edək ki, tədbir 2 gün davam edəcək.

DİGƏR Xəbərlər Arxiv