YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyac var

«Siqaret böyük, sosial bəladır, əslində siqaret çəkmək narkomaniyanın ilk mərhələsidir. Belə bir statistika qeyd edildi ki, müəyyən yaş həddində dünyada hər 4 kişidən biri siqaret istifadəçisidir. Azərbaycanda isə hər iki nəfərdən biri siqaret çəkir». Bu fikirləri «Yeni  Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, Azərbaycanla bağlı bu statistika çox böyük rəqəmdir. Ona görə də düşünürəm ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyac var”. Qanun layihəsində müəyyən dəqiqləşdirmələrin aparılmasına ehtiyac olduğunu deyən  Hikmət Babaoğlunun sözlərinə görə,  qanunun 1-ci maddəsinin 1-ci bəndində tütün məmulatlarının adları  əks olunsa da, burada sulu qəlyanın adı çəkilməyib: «Sulu qəlyan da  tütün məmulatlarından hazırlanan bir vasitədir.  Digər məmulatlarda təsvir olunan bənzərlikləri onda da  tapmaq lazımdır. Belə olan halda, burada ziddiyət yaranır və bunu aradan qaldırmaq lazımdır. Sulu qəlyanın da qadağan edilməsi yaxşı olardı».

Millət vəkili  çıxışı zamanı tütün məmulatlarının istehlakı üçün xüsusi yerlərin ayrılması məsələsinə də toxunub: «Bu məsələyə qanun layihəsində iki dəfə toxunulur. Belə ki, maddə 1-in 9-cu bəndində qeyd olunur ki, hüquqi təşkilatın formasından asılı olmayaraq bütün idarə və müəssislərə yerlərin ayrılması tövsiyə olunur. Maddə 10-un 2-ci bəndində isə bu məsələdə bir məcburiyyət ifadə olunur. Belə çıxır ki, Milli Məclisdə də xüsusi qapalı yer ayırmalıyıq və onu güclü havatəmizləyici qurğularla təmin etməliyik. Yəni bunun üçün vəsait ayırmalyıq ki, kimsə burda siqaret çəksin. Amma bunlar əlavə xərcdir. Hesab edirəm ki, xüsusi qapalı yerlər qanundan çıxarılsa yaxşıdır. Çünki digər ölkələrdə siqaret çəkmək üçün qapalı yerlər ləğv edirlər».

Qanun layihəsində bir sıra ifadələrin redaktəyə ehtiyacı olduğunu deyən Hikmət Babaoğlu bildirib ki, maddə 6-da «tütündən qorunmaq sahəsində vətəndaşların hüquqları»ndan bəhs olunur. Amma bu ifadə «tütün məmulatlarından» adlandırılmalıdır. Çünki ölkəmizdə tütünçülük inkişaf edir və tütün əkib-becərmək ziyansızdır.

Tütün məmulatlarının anti-reklamında kütləvi informasiya vasitələrinin rolunun böyük olduğunu deyən millət vəkili qeyd edib ki, qanun layihəsində bu məsələyə də yer verilib: «Amma bu vəzifə qanunla  elektron mediaya şamil edilir. Çap mediası da bu işi görə bilər. Qanunda Səhiyyə Nazirliyinin və digər qurumların anti-reklamlar hazırlamaqla bağlı adları çəkilir. Bu işi çap mediasında reallaşdırmaq  olar. Bu məqsədlə belə reklamların hansı qəzetlərdə nəşri ilə bağlı kriteriyalar müəyyənləşdirilməli və  ayda bir dəfə müəyyən ölçüdə  anti-reklam yerləşdirilə bilər. Bu prosesə könüllü qeyri-hökumət təşkilatları, biznes qurumları qoşula bilər və çap mediasında da ödənişli sosial reklam çərçivəsində bu proses həyata keçirilsin. Çünki mətbuatın mühüm bir funksiyası cəmiyyəti maarifləndirməkdən ibarətdir».