YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lisa Givert: TAP çərçivəsində Albaniyada 70 kilometrdən çox boru qaynaq edilib

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Albaniyada 70 kilometrdən çox boru qaynaq olunub.

Bu barədə məlumat verən TAP-ın kommunikasiya rəhbəri Lisa Givert bildirib ki, layihə qrafikə uyğun icra olunur. İndiyədək Albaniyada TAP kəməri marşrutu üzrə 98 kilometr ərazi təmizlənib, 84 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 71 kilometri qaynaq edilib. Təxminən 50 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb.

“Bu isə o deməkdir ki, TAP-ın ümumilikdə 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutu boyunca ərazinin 358 kilometri - təxminən 45 faizdən çoxu təmizlənib”, - deyə TAP-ın kommunikasiya rəhbəri əlavə edib.

Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.

Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.