YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: SOCAR fəaliyyət göstərdiyi xarici ölkələrdə dini tolerantlığın təbliğinə önəm verir

SOCAR fəaliyyət göstərdiyi xarici ölkələrdə dini tolerantlığın təbliğ olunması istiqamətində tədbirlər həyata keçirir.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının SOCAR-ın rəhbər heyəti və əməkdaşları ilə keçirdiyi görüşdə səsləndirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan xalqının qədim zamanlardan dini tolerantlıq ənənələrinə malik olduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən dövlətçilik siyasətinin nəticəsi olaraq ölkəmiz dünya miqyasında millətlərarası və dinlərarası dözümlülük, tolerantlıq nümunəsinə çevrilib.

Azərbaycanda bütün etnokonfessional birliklərin fəaliyyəti üçün əlverişli şərait yaradıldığını vurğulayan R.Abdullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb, dini tolerantlığın müasir Azərbaycanın ictimai həyatında böyük əhəmiyyət daşıdığını, mühüm dəyərlərdən olduğunu söyləyib. Azərbaycan iqtisadiyyatının lokomotivi olan SOCAR-ın dini tolerantlığın qorunmasına verdiyi töhfələrdən bəhs edən R.Abdulllayev şirkətin fəaliyyət göstərdiyi xarici ölkələrdə də bu konsepsiyanın təbliği üçün həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin dünya üçün nümunəvi xarakter daşıdığını bildirib. M.Qurbanlı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin milli-mənəvi dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırıb. Komitə sədri Azərbaycandakı tolerant və multikultural mühitdən bəhs edib, bunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov ölkəmizdə dini tolerantlığın qorunmasının zəruriliyini vurğulayaraq, xaricdən təsir göstərən radikal təriqətlərin bəzən din qiyafəsində çıxış etdiyini, belə qüvvələrlə mübarizədə İslam həmrəyliyinin böyük rol oynadığını söyləyib. Azərbaycanın bir İslam ölkəsi kimi tolerantlıq prinsipinə daim sadiq qaldığını diqqətə çatdıran S.Heydərov gənclər arasında milli-mənəvi dəyərlərin, o cümlədən dini tolerantlığın təbliğində komitə tərəfindən görülən işlərdən ətraflı bəhs edib.