Xəbərlər
Polşanın eks-prezidenti: BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmalıdır

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əlindən gələni etməlidir, bundan başqa isə BMT-nin 4 qətnaməsinin icra olunması üçün səylərini əsirgəməməlidir, çünki bu, münaqişənin həllinə doğru ilk addımdır.
Bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Polşanın keşmiş prezidenti Aleksandr Kvasnevski deyib.
İki ölkə arasında münasibətlərdən danışan A.Kvsanevski qeyd edib ki, Polşa və Azərbaycan arasında siyasət və iqtisadiyyat sahələrində möhkəm əlaqələr qurulub. "Polşa Azərbaycanın köməyi ilə öz resurslarının diversifikasiyasında maraqlıdır. Bizim iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu imkanlarımız var. Biz 25 il əvvəl əsası qoyulmuş kurs üzrə işləməkdə davam edirik".
Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.
V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edir. Forum çərçivəsində panel müzakirələri təşkil olunur. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılır.