YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya, işğalçı Ermənistana təsir göstərə bilər

«Ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri çox yüksək  qiymətləndirilməlidir. Bu səfər Azərbaycanın, ölkə Prezidentinin Avropada və dünyada nə qədər böyük nüfuza malik olduğunun nəticəsi hesab edilə bilər». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

Azərbaycan Prezidentin Fransaya səfər proqramının kifayət qədər geniş və əhatəli olduğunu  vurğulayan E.İbrahimovun sözlərinə görə,  həm rəsmi, həm siyasi, həm də biznes dairələri ilə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. YAP İdarə Heyətinin üzvü qeyd edib ki, gündəlikdə duran ən mühüm məsələ Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və bu məsələdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılması olub.

«Bildiyiniz kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və bir çox hallarda da ermənilərə, Ermənistana yaxınlığı, ona dəstəyi ilə seçilən ölkələrdəndir. Bunu da zaman-zaman dilə gətirmişik, mövqeyimizi də ifadə etmişik. Ancaq bununla belə hesab etmişik və edirik ki, Fransa Dağlıq Qarabağ  münaqişəsinin həllində böyük rol oynaya, işğalçı Ermənistana təsir göstərə bilər. Bizim də həmsədr ölkə kimi Fransadan gözləntimiz budur. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində öz səylərini göstərir. Lakin bu səylər daha konkret, daha prinsipal və daha yüksək səviyyədə olmalıdır. Səfərin məqsədi də əlaqələrin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv informasiyanın Fransa rəsmi dairələrinə çatdırılmasıdır. Səfər zamanı dövlət başçısı da bu məsələdə Azərbaycanın konkret mövqeyini ortaya qoydu, status-kvonun bir daha qəbuledilməzliyini söylədi və bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmində, gücündədir»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

E.İbrahimov  həmçinin qeyd edib ki, dövlət başçısının Fransaya səfəri iqtisadi baxımdan da mühüm əhəmiyyətə malikdir: «Azərbaycan Prezidentinin Fransanın işgüzar dairələri ilə görüşləri, birgə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Azərbaycanda bu gün investisiyalar üçün cəlbedici bir mühit, şərait var. Azərbaycan eyni zamanda, Avropaya öz sərmayəsini yatırır və bununla da hər iki tərəf üçün müsbət nəticələr əldə olunur. Bütövlükdə, cənab Prezidentin Fransaya səfəri səmərəli və faydalı oldu».