YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Əli Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistanın işğalçı simasının ifşa olunması işində çox böyük uğurlar qazanıb

«Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistanın işğalçı simasının ifşa olunması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində çox böyük uğurlar qazanıb. Biz artıq erməni lobbisini ənənəvi dominantlıq etdiyi coğrafiyada sıxışdırmağa nail olmuşuq. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə bu münaqişənin dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsi üçün zəruri addımlar atdı. Artıq bütün aparıcı beynəlxalq təşkilatlar, əsas güc mərkəzləri, ayrı-ayrı nüfuzlu dövlətlər mövcud status-kvonun saxlanmasının yolverilməzliyini bəyan edir və münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə tərəfdar çıxırlar. Bundan sonrakı dövrdə Ermənistanın əsaslı bəhanə limiti qalmayıb. Odur ki, Sarkisyan rejimi bir tərəfdən, dünya ictimaiyyətinin, ATƏT-in Minsk qrupunun problemin köklü həlli ilə bağlı onlara ünvanlanan və getdikcə daha təkidli xarakter alan tələblərindən yayınmağa, əsas diqqəti münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərir». Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Trend» İnformasiya Agentliyinə müsahibəsində deyib.

Əli Həsənov bildirib ki, Azərbaycan bundan sonra da bütün imkanlardan, malik olduğu resurslardan, güclü siyasi, iqtisadi və hərbi potensialından istifadə etməklə münaqişənin ədalətli həllinə nail olacaq. Onun sözlərinə görə, həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunmuş vəziyyətə düşüb.

«Ölkənin bütün iqtisadiyyatı əsasən Rusiyanın, kiçik bir hissəsi isə erməni lobbisinin və hakimiyyətdə təmsil olunmuş ayrı-ayrı mafioz şəxslərin nəzarətindədir. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yoxdur. Buna görə də bu gün Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsindədir. İşsizlik, yoxsulluq, səfalət, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər səbəblərdən əhali başqa ölkələrə üz tutur. Ermənistanın rəsmi orqanları etiraf edirlər ki, orta hesabla hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk edir. Nəticə etibarilə cəmiyyətdə narazılıq artır və hakimiyyət Qarabağ kartından istifadə etməklə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Ancaq Ermənistan iqtidarı, erməni lobbisi başa düşməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq. Faktiki dövlət müstəqilliyini itirmiş Ermənistan bir neçə ildən sonra bu itkini formal cəhətdən də rəsmiləşdirmək məcburiyyətində qalacaq.

Eyni zamanda onu da qeyd etməliyəm ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edir. Buna görə də onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt verir»-deyə, Əli Həsənov vurğulayıb.

 

DİGƏR xəbərlər Arxiv