YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə yazı müsabiqəsi elan olunub

Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Əsrin müqaviləsi - Ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda yazı müsabiqəsi elan edilib.

Mətbuat Şurasından verilən məlumata görə, “Sənaye ili” çərçivəsində keçirilən müsabiqə Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunub. Müsabiqəyə təqdim olunacaq yazılar üçün “Heydər Əliyev - milli neft strategiyasının banisi”, “Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti” və “Əsrin müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı” istiqamətlər müəyyənləşdirilib. Qaliblər qeyd olunan üç istiqamət üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar. Birinci yer üçün 1000 manat, ikinci yer üçün 700 manat, üçüncü yer üçün 500 manat və hər biri 200 manat olan 9 həvəsləndirici mükafat nəzərdə tutulur.

Müsabiqəyə avqustun 11-dən sentyabrın 10-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar qəbul olunacaq. Dil və janr məhdudiyyəti qoyulmur. Təqdim edilən yazılar 9-11 min işarədən (A3 formatlı qəzet səhifəsindən) çox olmamalıdır. Yazıda “Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ”nin “Əsrin müqaviləsi - Ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi edilməlidir.

Müsabiqə üçün yazılar avqustun 11-dən sentyabrın 10-dək həftənin iş günləri saat 11-dən 16-dək qəbul ediləcək. Qaliblərinin adları sentyabrın 20-də açıqlanacaq.