YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Çindəki səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Çin ziyalılarının, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, Pekində fəaliyyət göstərən əcnəbi jurnalistlərin qatıldığı tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Xocalıda 25 il əvvəl erməni millətçilərinin törətdikləri vəhşiliklər haqqında danışan Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə bildirib ki, “Böyük Ermənistan” dövləti yaratmaq xülyasının əsiri olan erməni qəsbkarları həmin kütləvi qırğında 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı vəhşiliklə qətlə yetirib, şəhəri yer üzündən siliblər. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

Digər çıxış edənlərdən səfirliyin əməkdaşları Marlen Qaçayev və Bəbir Məmmədov, Pekin Xarici Dillər Universitetinin müəllimi Aqşin Əliyev Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli, faciəli səhifələrdən biri olduğunu diqqətə çatdırıblar. Bu hadisələrin erməni millətçi-şovinistlərinin davamlı olaraq Azərbaycan xalqına qarşı 200 il ərzində həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl işlər görülür. Bu istiqamətdə xaricdə yaşayan soydaşlarımızın daha fəal olmasının vacibliyi vurğulanıb.

Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunub.

Tədbir iştirakçıları faciəni əks etdirən fotostend, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində çap edilmiş bukletlər, posterlər, plakatlar, habelə Xocalı mövzusunda kitablardan ibarət sərgi ilə tanış olublar.