YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoruna təqdim edilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”nu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) vitse-prezidenti, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin (MDHİU) rektoru Vaqif Bayramova təqdim edib. V.Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsil sahəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülüb.

MDHİU-da keçirilən təntənəli tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək bildirib ki, fevralın 21-də Azərbaycan xalqının həyatında əlamətdar hadisə baş verib – Azərbaycanın birinci xanımı ölkəmizin Birinci vitse-prezidenti təyin edilib. Səfir deyib: “Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ vermiş dövlətdə qadının belə yüksək vəzifəyə təyin edilməsi olduqca qürurvericidir. Mehriban xanımın uzun illər Prezidentimizin yaxın silahdaşı, Heydər Əliyev Fondunun prezidenti, parlamentin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, Azərbaycan xalqının ona sevgi və hörməti bu təyinatı labüd edib”. Diplomat bildirib ki, Mehriban Əliyeva bundan sonra da fəaliyyətində Azərbaycanın inkişafına töhfə verəcək.

P.Bülbüloğlu “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”nu V.Bayramova təqdim edərək vurğulayıb ki, o və Rusiyada yaşayan azərbaycanlılar soydaşımızın Moskvanın nüfuzlu ali məktəbinə rəhbərlik etməsindən qürur duyurlar. Səfir deyib: “Biz hamımız yaxşı xatırlayırıq ki, Vaqif müəllim MDHİU-ya rektor təyin edilənədək burada vəziyyət heç də yaxşı deyildi. Onun səyləri nəticəsində MDHİU indi qabaqcıl universitetlər sırasındadır. Ali məktəbə rəhbərlik etmək olduqca məsuliyyətli işdir. MDHİU-nun özəlliyi ondan ibarətdir ki, burada adi gənclərlə yanaşı, fiziki imkanları məhdud gənclər də təhsil alır. Bu, olduqca nəcib işdir.

Rusiya Dövlət Duması Təhsil Komitəsi sədrinin müavini Oleq Smolin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Moskva ali məktəbinin rektorunu Fəxri Diplomla təltif etməsi çox sevindirici haldır. O bildirib ki, Rusiyanın təhsil naziri Olqa Vasilyeva MDHİU-nun Himayədarlar Şurasının üzvüdür və bu, universitetin fəaliyyətinə Rusiya dövləti tərəfindən böyük önəm verilməsini göstərir. O.Smolin V.Bayramovun universitetdə təhsil alan əlil tələbələrə xüsusi qayğısından da danışıb.

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidentinin ali mükafatına layiq görülməsi münasibəti ilə MDHİU-nun rektoru Vaqif Bayramovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar.

Sonda universitetin tələbələri konsert proqramı ilə çıxış ediblər.