YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib

“Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malik olmaq istəyir: "Düşünürəm ki, biz buna nail olmuşuq. Çünki bu, hər bir ölkə üçün vacibdir. Biz qonşuluqda yaşayırıq və təcrid olunmuş ölkə deyilik. Bizim Ermənistandan başqa bütün qonşularımızla çox fəal münasibətlərimiz var. Qeyd etdiyim kimi, bizim ən böyük tərəfdaşımız olan Türkiyə ilə çoxlu layihələrimiz var. Bizim Gürcüstan, Rusiya, İranla da çoxlu layihələrimiz var. Düşünürəm ki, bu müstəqillik illəri bütün ölkələrə, o cümlədən qonşularımıza aydın göstərdi ki, biz dostluq və əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik. Lakin biz heç kimin daxili işlərimizə müdaxilə etməyə çalışmasını istəmirik. Bu, baş verdikdə, biz çox sərt mövqe nümayiş etdiririk. Lakin xoşbəxtlikdən Azərbaycanın öz siyasətini həyata keçirməsi bu gün artıq dünyada və regionda böyük mənada qəbul edilir. Bu siyasət bizim milli maraqlarımıza əsaslanır. Əgər bizim maraqlarımız qonşularımızın maraqları ilə üst-üstə düşürsə, bu, yaxşı haldır. Əgər üst-üstə düşmürsə, bizim üçün əsas öz maraqlarımızdır. Bu, qeyd etdiyiniz qonşu ölkələrlə münasibətlərimizə, eləcə də Avropa ölkələri, ümumilikdə Qərb ilə münasibətlərimizə də aiddir. Bizim bir çox Avropa ölkələri ilə çox yaxşı işgüzar münasibətlərimiz var. Biz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq üzrə sazişlər imzalamışıq və yaxın zamanlarda Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqlara başlayacağıq. Qərbdə də yaxşı başa düşürlər ki, Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib. Əksinə, düşünürəm ki, təşəbbüslərimizin əksəriyyəti regionumuzdakı gərginliklərin azaldılmasına imkan verib".