YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı siyasətimiz həqiqətən də regional sabitlik işinə böyük töhfədir

“Biz enerji siyasətimizi uğurla həyata keçiririk. Bizim şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz var. Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək. Neft hasilatı ilə bağlı olan bütün bu layihələr artıq icra edilmişdir. Beləliklə, biz artıq yüz faiz əmin ola bilərik ki, mövcud infrastruktur bizim üçün və digərləri üçün yetərli olacaq. Yeri gəlmişkən, biz artıq nefti Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə, tankerlərlə Xəzər dənizi ilə və bizim boru kəmərləri sistemi ilə Avropaya, beynəlxalq bazarlara nəql edirik”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasına müsahibəsində qeyd edib.

Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, bizim enerji layihələrimiz əslində nəqliyyat layihələrinin reallaşmasına təkan verib. Çünki nəqliyyat şəbəkəsinin marşrutuna nəzər yetirsəniz görəcəksiniz ki, o, qaz boru kəməri ilə üst-üstə düşür. Bizim əlverişli coğrafi mövqeyimiz var, lakin infrastruktursuz bu mövqeyin heç bir mənası yoxdur. Hətta regional əməkdaşlıq olmadan infrastrukturun özü belə heç bir məna kəsb etmir. Buna görə də bizim siyasətimiz birinci olaraq infrastruktura sərmayə yatırmaqdan ibarət idi.

“Biz qonşularımızla çox yaxşı işgüzar əlaqələr yaratdıq və indi də “Şərq-Qərb Nəqliyyat Dəhlizi” layihəsini icra edirik. Çindən gələn ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən Avropaya keçib. Ümid edirik ki, bu il biz Asiyadan Avropaya birbaşa nəqliyyat şəbəkəsinin açılışını edəcəyik. Bu da məsafəni iki dəfə, 30-35 gündən 14 günə - məhz iki həftəyə qədər azaldacaq. Biz indi, eyni zamanda, qonşularımızla Cənub-Şimal dəhlizi üzərində işləyirik. Bu layihə Azərbaycana Pakistan, Hindistan, Şimali Avropa üçün böyük tranzit ölkəsinə çevrilmək imkanını verəcək. Biz Cənub-Şimal dəhlizi layihəsi ilə bağlı öhdəliyimizi artıq yerinə yetirmişik. Biz lazım olan infrastruktur və dəmir yolu xətlərini tikmişik. Qonşularımızın da öz ərazilərində fəaliyyətlərini və işlərini başa çatdırmasını gözləyirik. Buna görə də bir neçə ildən sonra Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək və biz tranzit fəaliyyətindən çoxlu qazanc əldə edəcəyik. Burada söhbət təkcə qazancdan getmir, çünki tranzit fəaliyyəti həm də əməkdaşlıq deməkdir. Çünki qonşularınızla belə münasibətdə olduqda siz sabitliyə, əməkdaşlığa, proqnozlaşdırıla bilinməyə investisiya qoymuş olursunuz. Regiondakı bütün ölkələr bir-birinə bağlı olur. Bu da yaxşı haldır. Çünki bu, sabitlik amillərindən biridir. Beləliklə, bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı siyasətimiz həqiqətən də regional sabitlik işinə böyük töhfədir” – deyə, Prezident İlham Əliyev bildirib.