YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılıb

İtaliyanın “Agenparl” Xəbər Agentliyi Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin müsahibəsini dərc edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfir M.Əhmədzadə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəmizin mövqeyi, habelə gələn il İtaliyanın ATƏT-ə sədrliyindən gözləntilərimizlə bağlı sualları cavablandırıb.

Bəşəriyyətin müasir tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımının baş verməsindən 25 il ötdüyünü deyən M.Əhmədzadə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb. “Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. İlk öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi. Bu faciədən sağ çıxmış azsaylı şahidlərin xatirələrini oxuduqda onların məruz qaldıqları vəhşiliklərin və işgəncələrin qarşısında söz tapmaq olmur. İkincisi ona görə ağrılıdır ki, Xocalı soyqırımı ayrılıqda baş vermiş bir hadisə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən ağrılı anıdır və bu təcavüz indiyə qədər də davam edir”, - deyə diplomat vurğulayıb.

Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, rəsmi Yerevanın etnik təmizləmə siyasətinin qurbanı olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz əzəli torpaqlarına qayıtmaqdan məhrum olduğunu deyən M.Əhmədzadə Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini və beynəlxalq ictimaiyyət tərəfindən lazımi hüquqi və siyasi qiymət verilərək pislənilməli olduğunu, əks halda, cəzasız qalan cinayətlərin yeni cinayətlərə yol açacağını bildirib. Beynəlxalq ictimaiyyətin bu məsələyə dair qəti mövqeyi Ermənistanın Xocalı soyqırımı ilə bağlı öz inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün önəmlidir. Bunun üçün hər şeydən öncə, Xocalıda baş verənlərə dair beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir. Diplomat bu il Xocalı soyqırımının 25-ci ildönümünün İtaliyanın müxtəlif şəhərlərində çoxsaylı tədbirlərlə qeyd ediləcəyini, Romada 20 fevral tarixində italyan musiqiçilərinin və aktyorlarının ifasında ədəbi-musiqili tamaşanın nümayiş etdiriləcəyini bildirib.

Səfir M.Əhmədzadə ölkəmizin hərbi təcavüzün qurbanı olduğunu, beynəlxalq hüququn tam şəkildə Azərbaycanı dəstəklədiyini, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ölkəmizin mövqeyi ilə üst-üstə düşdüyünü, lakin onların heç birinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib. Ermənistan ordusunun Azərbaycanın işğal altında olan ərazilərində qalmasının münaqişənin nizamlanmasına ən böyük maneə və regionda sülhə təhdid olduğunu deyən diplomat əlavə edib: “Hazırkı status-kvo dəyişməli, Ermənistan ordusu işğal etdiyi bütün ərazilərdən çıxmalı, ölkəmin ərazi bütövlüyü bərpa olunmalı, bütün azərbaycanlı qaçqın və məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağdan qovulmuşlar öz evlərinə qayıtmalıdırlar. Yalnız bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa erməni və azərbaycanlı icmalarının sülh içində birgə yaşayışını təmin edəcək mümkün ən yüksək muxtariyyət statusu nəzərdən keçirilə bilər. Bu, münaqişənin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun yeganə həlli yoludur”.

Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək öz ərazi bütövlüyünü bərpa etmək hüququna hər zaman malik olsa da, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, buna görə də ölkəmizin uzun illərdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiq qaldığını, lakin Ermənistanın destruktiv fəaliyyəti nəticəsində bu danışıqların nəticə vermədiyini bildirən səfir deyib: “Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün imkanlardan istifadə edəcək. Ermənistan anlamalıdır ki, vaxt onun xeyrinə işləmir və hər gün imkanlar itirməkdədir. Ermənistanın öz işğalçı siyasətindən əl çəkməsi regionda sülhü təmin edəcək, habelə bu ölkənin qarşılaşdığı ağır iqtisadi və sosial problemlərin həllinə yardım göstərəcək”.

Azərbaycan diplomatı İtaliyanın Minsk qrupunun ilk sədri olduğunu və o vaxtlar Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması planını da təqdim etdiyini deyən səfir M.Əhmədzadə uzun illər keçsə də vəziyyətin dəyişməməsinin və Ermənistan silahlı qüvvələrinin hələ də işğal olunmuş ərazilərdə qalmasının təəssüf doğurduğunu vurğulayıb. “İtaliyanın rəhbər şəxsləri dəfələrlə bəyan ediblər ki, ATƏT-in növbəti sədri kimi İtaliya münaqişənin həllinin tapılması istiqamətində öz səylərini əsirgəməyəcək. Bunları nəzərə alaraq, İtaliyanın sədrliyinin münaqişənin həllinə töhfə verəcəyini gözləyirik və münaqişənin həlli status-kvonun dəyişməsindən keçir ki, bunun üçün də ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”, - deyə diplomat əlavə edib.