YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir

«Azərbaycanda  regionların  tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. Bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Eldəniz Səlimov  deyib.

E.Səlimov bildirib ki, artıq respublikamızda paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib, bölgələrin sakinləri həm yüksək iş şəraiti, həm də bütün kommunal rahatlıqlarla təmin olunublar. Onun sözlərinə görə, bölgələrin inkişafı baxımından 2016-cı il də istisna təşkil etməyib.

«Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ötən il regionlarda böyük işlər görülməsindən məmnunluq ifadə edərək yeni şəraitdə də regionların inkişaf dinamikasının yüksək olmasını xüsusi nəzərə çatdırdı. Ümumiyyətlə, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Tam qətiyyətlə demək mümkündür ki, son 13 ildə respublikamızda regionların sosial-iqtisadi inkişafında bəhs olunan Dövlət proqramları mühüm rol oynayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib. Nəzərdə tutulan genişmiqyaslı tədbirlərin reallaşdırılması sayəsində respublikanın regionları da iqtisadi güc amilinə çevirib» -deyə, E.Səlimov vurğulayıb.