YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi dünyada və regionda baş verən hadisələrə adekvat və uzaqgörən reaksiyadır

«Bu gün müsəlman aləmi dünyanın ən gərgin və böhranlı regionlarından birinə çevrilmişdir. Burada mövcud olan zəngin neft ehtiyatları və digər təbii sərvətlər böyük dövlətlərin və beynəlxalq güc mərkəzlərinin diqqətini durmadan bölgəyə cəlb edir. Hazırda regionda gərginliyin kəskin artması, hərbi qarşıdurmanın yaranması, davam edən İsrail-Fələstin qarşıdurması, İraq və Suriya ətrafındakı hadisələrə bir sıra ölkələrin cəlb edilməsi, müxtəlif etnik münaqişələr, dini-fundamentalist cərəyanlar, beynəlxalq terrorizm təhlükəsi, əhalinin müharibə zonalarından kütləvi miqrasiyası və s. problemlər bütün dünyanın nəzər-diqqətini bu regiona yönəldib». Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, regionda bir çox ölkələrin maraqlarının toqquşması yaxın gələcəkdə bu regionda əmin-amanlığın hələ bərqərar olmamasından xəbər verir. Onun sözlərinə görə, belə şəraitdə müsəlman ölkələrinin birləşməsi, islami dəyər və prinsipləri rəhbər tutaraq həmrəylik nümayiş etməsi, bir-birinə əməkdaşlıq əlini uzatması həyati əhəmiyyət kəsb edir. Odur ki, Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi dünyada və regionda baş verən hadisələrə adekvat və uzaqgörən reaksiyadır.

«Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına, sosial-iqtisadi inkişafın nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir çox məsələlər müzakirə edildi, yeni vəzifələr müəyyənləşdirildi. 2017-ci il ölkə Prezidenti tərəfindən “İslam həmrəyliyi ili” elan edildi. Ölkəmizdə keçiriləcək mühüm bir hadisəyə - IV İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalır. Hazırlıq işləri artıq yekunlaşmaqdadır. İnanırıq ki, ölkəmiz bir daha İslam ölkələrini təmsil edən idmançıları, azarkeşləri, həvəskarları bir araya gətirəcək və idman bayramı ən yüksək səviyyədə keçəcək. Bu təkcə, idman yarışları yox, həmrəylik, sülh, əmin-amanlıq, tolerantlıq bayramı olacaq. Hələ qədim zamanlarda olimpiya idman oyunları keçiriləndə müharibələr, qarşıdurmalar dayandırılırdı, insanlar bir araya gəlib idman yarışları keçirirdi. Bu baxımdan IV İslam Həmrəyliyi Oyunları bir daha insanları birliyə, barışa, əməkdaşlığa dəvət edəcək. Bu kontekstdə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi həm Prezident İlham Əliyevin dövlət başçısı kimi mövqeyini, İslam aləminin birlik və həmrəyliyinə verdiyi böyük önəmi, həm də bu aləmin problemlərini yaxından yaşamasının göstəricisidir»- deyə, G.Baxşəliyeva vurğulayıb.