YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşənbədə Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi planlaşdırılır

Bu il Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə biznes forumun və Azərbaycan sənaye məhsulları sərgisinin təşkili planlaşdırılır.

Bununla bağlı məsələ Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun bu ölkənin sənaye və yeni texnologiyalar naziri Şavkat Bobozada ilə görüşündə müzakirə olunub.

Görüşdə Azərbaycan və Tacikistanın dövlət başçıları İlham Əliyev və Emomali Rahmon arasında səmimi münasibətlərin olması vurğulanıb, bunun iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün müsbət amil olduğu qeyd edilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıblar.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi inkişaf haqqında məlumat verib, Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirib. 1993-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatına 150 milyard dollar həcmində sərmayə qoyulduğunu diqqətə çatdıran səfir qeyd edib ki, bunun yarıdan çoxu milli sərmayələrin payına düşür. Diplomat Azərbaycanın hərtərəfli inkişaf sayəsində başqa ölkələrə də investisiya yatırdığını, Tacikistanın da bu imkandan faydalana biləcəyini vurğulayıb.

Görüş zamanı bu il Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə biznes forumun, Azərbaycan sənaye məhsulları sərgisinin təşkilinin planlaşdırıldığı qeyd olunub. Tərəflər iki ölkə arasında yüngül və yeyinti sənayesi, neft-kimya, geologiya, əlvan metalların, kənd təsərrüfatı məhsullarının emalı, hidroenergetika, sement və alüminium istehsalı sahələrində əməkdaşlıq, Azərbaycan sərmayələrinin Tacikistan iqtisadiyyatına cəlb edilməsi, Tacikistana məxsus yüklərin Azərbaycan ərazisindən Avropaya daşınması və s. sahələrə dair fikir mübadiləsi aparıblar.

Nazir Tacikistanın müxtəlif sənaye qurumlarının iştirakı ilə qısa zamanda Azərbaycanla əməkdaşlığa dair işçi qrupunun yaradılacağını bildirib, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu istiqamətdə strateji planın hazırlanmasının planlaşdırıldığını qeyd edib.