YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Avropa Şurası və Azərbaycan əlaqələrində ciddi uğurlar var

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının əvvəlində ənənəvi olaraq təşkilatın büro və daimi komitəsinin hesabatları dinlənildikdən sonra məruzənin əhatə etdiyi aktual problemlərlə bağlı müzakirələr başlayıb.

Müzakirələrə qatılan Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə ölkəmizlə Avropa Şurası arasında uğurla davam edən əlaqələrdən danışaraq deyib: “Növbəti dəfə ötən müddətdə görülən işləri, inkişaf kimi qiymətləndirilə biləcək məqamları təhlil edərkən ölkəmin timsalında həm təşkilatın, həm də Azərbaycanın uğuru sayılmağa layiq olan bir sıra irəliləyişlərə diqqəti çəkmək istərdim. 2016-cı il Azərbaycan üçün son dərəcə əlamətdar olub. Oktyabrda ölkənin 70 illik mübarizədən sonra öz müstəqilliyini yenidən bərpa etməsinin 25 ili tamam oldu. Nəzərə alsaq ki, XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika quran Azərbaycanın müstəqilliyi iki ildən də az sürmüşdü, onda 25 ilin kifayət qədər sanballı bir yubiley olduğunu görürük. Azərbaycan bu 25 ilin 15-ni Avropa Şurası ailəsində keçirib. Demokratik təsisatların bərqərar olması, hüquqi dövlət quruculuğu, insan haqlarının daha geniş çərçivədə təmin edilməsində, bu müddətdə qazanılan nailiyyətlərdə Avropa Şurasının danılmaz payı var. Sevindirici haldır ki, Avropa Şurasının indi təhlil etdiyimiz dövrdəki fəaliyyətləri kontekstində də Azərbaycanın əhəmiyyətli irəliləyişləri olub”.

Konkret nümunələr üzərində dayanan deputat Rafael Hüseynov avropalı parlamentarilərə Azərbaycanın mətbuat həyatında baş vermiş və Avropa Şurası hesabatlarında əksini tapmış nailiyyətlərini xatırladıb: “Arxada qalan sessiya dönəmində hazırlanmış və bu sessiyada müzakirəyə çıxarılan məruzələrdə də ölkənin mətbuat həyatında müşahidə edilən tərəqqini görə bilərik. Lakin bu heç də hamısı deyil. Qeyri-hökumət təşkilatları ilə bağlı işin təşkili və Avropa Şurasının çağırışları müstəvisində bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində atılan addımlar da aydın müşahidə edilən inkişaf göstəriciləridir”.

Sonda deputat Rafael Hüseynov Avropa Şurasının bu uğurlu tempi bundan sonra da davam etdirməsinin zəruri olduğunu vurğulayıb: “Arzu edərdim ki, götürülmüş bu temp zəifləməsin, biz daimi komitə və büronun növbəti inkişaf məruzəsində üzv dövlətlər arasındakı istər bu, istərsə də digər bu qəbildən olan münaqişələrin həlli istiqamətində daha nəzərəçarpacaq irəliləyişlərin əldə edilməsinə şahid olaq”.

 

DİGƏR Xəbərlər Arxiv