YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın humanitar məsələdən siyasi dividend qazanmaq niyyəti ilə şantaj vasitəsi kimi istifadə cəhdləri dözülməzdir

Yanvarın 12-də Avstriyanın ATƏT-də sədrliyə başlaması münasibətilə Vyanada qurumun Daimi Şurasının xüsusi iclası keçirilib. İclasda təşkilatın fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts ölkəsinin sədrlik dövrü üçün proqramını və prioritet istiqamətləri açıqlayıb.

Tədbirdə ATƏT-in üzvü olan dövlətlərin nümayəndələri yeni sədr ölkənin prioritetləri ilə bağlı çıxışlar ediblər.

Ölkəmizin ATƏT yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov çıxışında diqqəti ATƏT məkanında hələ də həllini tapmayan münaqişələrə cəlb edib. O, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması haqqında qətnamələrini xatırladıb, münaqişənin məhz bu qətnamələr çərçivəsində həllinin ATƏT-ə tapşırıldığı, bu sənədlərin icrasının Minsk qrupunun həmsədrlərinin fəaliyyəti üçün əsas olduğunu vurğulayıb. Qeyd edilib ki, son vaxtlar münaqişənin həlli əvəzinə onun dondurulmasına üstünlük vermək cəhdlərinin müşahidə olunması ATƏT və onun Minsk qrupu qarşısında qoyulan tapşırığa uyğun deyil. Səfir bildirib ki, Azərbaycanın Minsk qrupunda iştirakının məqsədi işğal edilmiş ərazilərin azad edilməsindən ibarətdir. Bu baxımdan, əgər ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz vasitəçilik fəaliyyətinin aktuallığını təmin etməkdə maraqlıdırsa, təcili şəkildə diqqəti ona verilmiş tapşırıqların icrasına yönəltməlidir. Diplomat deyib: “Minsk prosesinin 20 ildən artıq fəaliyyət təcrübəsi göstərir ki, substantiv nəticəyə istiqamətlənmiş danışıqlar olmadan gərginliyin azaldılmasını nəzərdə tutan tədbirlər problemin həllinə gətirib çıxara bilməz".

Səfir Avstriyanın sədrliyi dövründə Minsk prosesi də daxil olmaqla mövcud danışıqlar formatını gücləndirmək niyyətinin Azərbaycan tərəfindən müsbət qarşılandığını bildirib. Bu xüsusda Minsk qrupunun potensialından tam tərkibdə istifadə edilməsinin zəruri olduğunu vurğulayıb.

Danışıqlar prosesinə toxunan daimi nümayəndə qeyd edib ki, ATƏT çərçivəsində münaqişə ilə bağlı hazırkı status-kvonun davamsız və dəyişdirilməli olmasına dair yekdil mövqe var. Azərbaycan hazırkı status-kvonun dəyişdirilməsində ən maraqlı tərəfdir. Buna baxmayaraq, səfir təəssüflə vurğulayıb ki, son bir neçə ay ərzində Ermənistan tərəfindən səsləndirilən mövqe nikbinlik üçün əsas vermir və işğalçı ölkənin nəticəyönümlü danışıqların tərəfdarı olmadığı açıq-aydındır. Ermənistan sülh prosesini pozmaq və status-kvonu saxlamaq üçün aydın şəkildə müxtəlif təxribatlar törədir, gərginliyin artırılmasına yönələn hərəkətlərə yol verir və işğala əsaslanan status-kvonun möhkəmlənməsinə çalışır.

Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində törədilmiş təxribatı xatırladan Qalib İsrafilov Ermənistanın hücumunun qarşısını alarkən həlak olmuş Azərbaycan hərbçisi Çingiz Qurbanovun cəsədini geri qaytarmaqdan imtina etməsini qeyri-insani, beynəlxalq humanitar hüquqa zidd hərəkət kimi qiymətləndirib. Səfir Minsk Qrupunun həmsədrlərinin Ermənistanı hərbçimizin cəsədini qaytarmağa çağıran bəyanatını qeyd edərək, təcavüzkar ölkənin bu cür humanitar məsələdən siyasi dividend qazanmaq niyyəti ilə şantaj vasitəsi kimi istifadə cəhdlərinin dözülməz olduğunu bəyan edib, məsələyə ATƏT tərəfindən qiymət verilməsinin vacibliyini vurğulayıb. O, ATƏT və onun iştirakçı dövlətlərini Ermənistanı Azərbaycan hərbçisinin cəsədini geri qaytarmağa məcbur etməyə çağırıb.

Daimi nümayəndə, həmçinin ölkəmizin ATƏT ilə əməkdaşlığı üçün prioritet istiqamətləri barəsində danışaraq bu xüsusda məcburi köçkünlərin hüquqlarının bərpası, islamofobiyaya qarşı mübarizə kimi məsələlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir ölkəmizin dözümlülüyün təşviqi sahəsində öz müsbət təcrübəsini ATƏT dövlətləri ilə bölüşməyə hazır olduğunu qeyd edib.