YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin payız sessiyasının son iclası keçirilib

Dekabrın 30-da Milli Məclisin payız sessiyasının son plenar iclası keçirilib.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.

Əvvəlcə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinə baxılıb. Bildirilib ki, qanun layihəsinə əsasən, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borcları vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Qeyd edilib ki, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, sənədin 10-cu maddəsindən “dövlət inhisarında olmaqla” sözləri çıxarılır. Həmin maddəyə “Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir” məzmunlu ikinci hissə əlavə edilir.

Deputatlar, həmçinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Büdcə sistemi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.

Plenar iclasda “Reklam haqqında” 2015-ci il 15 may tarixli Qanuna uyğunlaşdırma məqsədilə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”, “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda edilən dəyişikliyə görə, sənədin “Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər” adlı 3-cü maddəsinə yeni “Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi” məzmununda yeni 5-ci bənd əlavə edilir. Nəzərdə tutulan dəyişikliyə əsasən, 7-ci maddəyə də bəzi əlavələr olunur.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliyə görə, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir.

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirdiyi yer üzrə qeydiyyata alınırlar.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğunlaşdırma məqsədilə Vergi və İnzibati Xətalar məcəllələrində, “Notariat haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişikliklər edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə görə, sənədə “Kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyəti bu Məcəllə və “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” məzmunlu 109.18-ci maddə əlavə edilir.

İclasda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb. Bildirilib ki, hazırda yerli icra hakimiyyəti tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və buna görə də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

Deputatlar, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “İcra haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini də müzakirə ediblər.

Qanun layihələri səsə qoyularaq təsdiq olunub.

İclasda, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilib.

Plenar iclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov parlamentin payız sessiyası dövründə səmərəli fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, payız sessiyası dövründə 10 iclasda 195 qanun və qərar qəbul edilib.

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanması ilə bağlı işlərə qanunvericilik vasitəsilə öz köməyini göstərib.

Sədr qeyd edib ki, parlament beynəlxalq əlaqələrini inkişaf etdirib. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətlərində yaxından iştirak ediblər. Parlament bu il iki beynəlxalq təşkilatda öz iştirakını bərpa edib. Nümayəndə heyətlərinin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib. Deputatlarımız bir çox ölkələrdə parlament və prezident seçkilərində və referendumlarda müşahidəçi qismində iştirak ediblər. Qırxdan çox dövlətin və beynəlxalq təşkilatın 50-yə yaxın nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu il Milli Məclisdə iki vacib tədbirin keçirildiyini deyən Oqtay Əsədov bildirib ki, onlardan biri GUAM Parlament Assambleyasının 9-cu sessiyası, digəri isə Azərbaycanda ilk beynəlxalq təşkilatın - Türkdilli Ölkələrin Parlament Assambleyasının açılış mərasimi olub. Üç dövlətin parlamentinin sədri bu açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olub.

2016-cı ili uğurla başa vurduğumuzu söyləyən Oqtay Əsədov xalqın və dövlətin maraqlarına xidmət edən siyasətə görə Prezident İlham Əliyevə Milli Məclisin deputatları adından minnətdarlıq edib.

Sədr parlamentin adından Azərbaycan xalqını və Prezident İlham Əliyevi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Daha sonra Oqtay Əsədov Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.