YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.

UNEC-dən bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov görkəmli alimin yubileyinin Prezident İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Rektor A.Əliyevin ölkənin sosial-iqtisadi inkişafı sahəsində, xüsusən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı apardığı tədqiqatların ölkənin gələcək inkişafında əhəmiyyətli olacağını qeyd edib. Ə.Muradov görkəmli alimin müstəqil Azərbaycanın dinamik inkişafında mühüm rol oynayan, bu günün stabilliyini təmin edən bir ailənin təmsilçisi olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, akademiklər Əhliman Əmiraslanov, Teymur Bünyadov və digər çıxış edənlər görkəmli iqtisadçı A.Əliyevin məhsuldar elmi tədqiqatlarından, pedaqoji fəaliyyətindən bəhs ediblər.

Bildirilib ki, görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb. A.Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir. İqtisadçı alimin tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. A.Əliyev Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak edib. Görkəmli alim əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışıb və o, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən biridir. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Sonda A.Əliyevin ailə üzvləri adından qızı Zərifə Əliyeva konfransın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.