YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: 2017-ci ildə Azərbaycan və İranda qarşılıqlı mədəniyyət günləri təşkil olunacaq

Dekabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Ə.Qarayev Azərbaycan ilə İran arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini deyib. Bildirib ki, ölkələrimiz arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir: “Azərbaycan və İran arasında qədim tarixə malik münasibətlər bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”.

Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

Nazir ölkəmizə gələn turistlərin sayında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini diqqətə çatdıraraq deyib: “Gələn il həm Novruz bayramı ərəfəsində, həm də sonrakı dövrlərdə Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq. Çünki ölkəmizdə turizm sahəsində bir sıra ciddi yeniliklər gözlənilir. Eyni zamanda, keçirəcəyimiz “shopping festival”ları da İrandan gələcək turistlər üçün maraqlı ola bilər”.

Əbülfəs Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini qeyd edib. Bildirib ki, Azərbaycan mədəniyyəti günlərinin İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində təşkil olunması planlaşdırılır.

Nazir gələn ilin may ayında ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İran nümayəndə heyətini daha fəal iştiraka dəvət edib.

Mahmud Vaezi də öz növbəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsində prezidentlər İlham Əliyev və Həsən Ruhaninin rolunu xüsusi qeyd edib: “Prezidentlər arasında olan dostluq ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına müsbət təsir göstərir. Tarixi, mədəni və dini birliyin olması Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verir. İnanıram ki, qarşıdakı illərdə əlaqələrimiz daha da güclənəcək”.

Digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayan qonaq İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd edib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.