YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Dekabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycanın və Dağıstanın görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransda Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, deputatlar, elm xadimləri və başqaları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyublar.

Tədbirdə çıxış edən Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov görkəmli dövlət xadimi Əziz Əliyevin çoxşaxəli fəaliyyətindən, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsindəki xidmətlərindən danışıb. O bildirib ki, Əziz Əliyevin fəaliyyətinin miqyası Dağıstan üçün olduqca əhəmiyyətlidir. Əziz Əliyev Dağıstanın çətin zamanında ona həvalə edilmiş vəzifələrin öhdəsindən uğurla gəlib. O, parlaq şəxsiyyətdir və dağıstanlıların yaddaşında böyük iz buraxıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Prezident İlham Əliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Dövlət müşaviri qeyd edib ki, Əziz Əliyevin xatirəsi Dağıstan xalqının yaddaşında daim yaşayır. Onun Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsi bunun bariz nümunəsidir.

Kamal Abdullayev deyib ki, Azərbaycan və Dağıstan xalqları arasında dərin münasibətlər var. Ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində bu əlaqələr daha da inkişaf edib. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın və Dağıstanın çoxmillətli respublikalar olduğunu deyən Kamal Abdullayev deyib ki, hər iki respublikada tolerantlıq və multikulturalizm qədim köklərə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və başqaları çıxış edərək Əziz Əliyevin dövlət xadimi olmaqla yanaşı, elmi fəaliyyətlə də məşğul olduğunu söyləyib, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında onun fəaliyyətini xüsusi qeyd ediblər.