YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Nersisyanın həbsi onu göstərir ki, İrəvan hakimiyyəti sülh naminə irəli sürülən təşəbbüslərə mane olmağa çalışır

"Gənc yazıçı Lusine Nersisyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən həbsi onu göstərir ki, Sarkisyan rejimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini istəmir. İrəvan hakimiyyəti hər vəchlə sülh danışıqlarının gedişini pozmağa, sülh naminə irəli sürülən təşəbbüslərə mane olmağa çalışır". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, "Zorakılıqdan azad qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. AŞPA-nın komitə sədrinin sözlərinə görə, Lusine Nersisyanın həbsi beynəlxalq ictimaiyyət tərəfindən haqlı qınaqla qarşılanıb. Bəzi beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən, xarici ölkələrin diplomatik nümayəndəlikləri bununla bağlı etirazlarını bildiriblər. Amma Ermənistandakı kriminal rejim bu çağırışlara məhəl qoymur.

 Millət vəkili deyib ki, bu, Ermənistan dövlətinin sülh təşəbbüslərinə qarşı aqressiya nümayiş etdirdiyi ilk belə hal deyil: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həlli ilə bağlı 20 ildən artıq davam edən danışıqlar əgər bir nəticə verməyibsə, bunun birbaşa məsuliyyəti Ermənistan hakimiyyətinin üzərindədir. Çünki Ermənistan rəhbərliyi bu danışıqlarda daim imitasiya ilə məşğul olub, hətta bəzən çox qeyri-ciddi bəhanələrlə danışıqlardan imtina edib. O cümlədən, bu günə qədər istər beynəlxalq ictimaiyyət və təşkilatlar, istərsə də vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən sülhə dəstək təşəbbüsləri də Sarkisyan hakimiyyəti tərəfindən top-tüfənglə qarşılanıb".

Sahibə Qafarovanın fikrincə, L.Nersisyanın həbsi, eləcə də digər erməni fəalı Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalması həm də o reallığı ortaya çıxarır ki, işğalçı ölkədə həqiqəti ifadə edən, Sarkisyan rejiminin işğalçı mahiyyətinə uyğun gəlməyən fikirlər səsləndirən hər bir erməni ölkənin xüsusi xidmət orqanlarının ciddi təzyiqlərinə, bir çox hallarda həbs və işgəncələrə məruz qalırlar. Sarkisyanın başçılıq etdiyi cinayətkar rejimin işğalçı ölkə fəallarının Bakı platformasına qoşulmasından ciddi narahatlıq keçirməsinin səbəblərinə gəlincə, millət vəkilinin sözlərinə görə, Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri qəbul edir, Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa edirlər. Ona görə də hazırda Ermənistan rəhbərliyi bütün gücünü Bakı platformasının fəaliyyətinə mane olmağa səfərbər edib. Çünki Sarkisyan rejimi yaxşı anlayır ki, bölgədə sülhün əldə olunması onların sonu ilə nəticələnə bilər. Ona görə də istənilən real sülh təşəbbüsünə qəti etiraz edir və bu prosesə qoşulanları ağır şəkildə cəzalandırmağa başlayıb.

Millət vəkili bu kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılmasının İrəvan hakimiyyətinin kriminal mahiyyətinin ifşa olunması baxımından əhəmiyyətini qeyd edib.