YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polad Bülbüloğlu: “Şimal-Cənub” layihəsi bütün iştirakçılara xeyir verəcək tarixi imkanlar pəncərəsidir

“Hindistan ilə Rusiyanı əlaqələndirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsi bütün iştirakçı ölkələrə xeyir verəcək tarixi imkanlar pəncərəsidir”.

Bu fikri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu söyləyib. Moskvada “Şimal-Cənub” BND-yə həsr edilmiş beynəlxalq konfransın açılışında çıxış edən səfir deyib: “Mənim fikrimcə, bu, tarixi imkanlar pəncərəsidir və biz hökmən ondan istifadə etməliyik. Yaxın Şərqdə və dünyanın digər hissələrində bir qədər qeyri-sabitlik hökm sürməsinə baxmayaraq, tarix özü, zaman özü bizə nadir bir şans verib – bu layihədə iştirak edən ölkələrin hamısına xeyir verəcək yol çəkmək, müvafiq logistika qurmaq şansı. Bu, Hindistana da, Pakistana da, İrana da, Azərbaycana da, Rusiyaya da aiddir”.

P.Bülbüloğlu qeyd edib ki, müəyyən mənada İpək yolunun analoqu olacaq bu dəhliz həqiqətən ölkələrimizi əlaqələndirəcək, yüklərin daşınmasını xeyli ucuzlaşdıracaq.

Uzunluğu təqribən 5,6 min kilometr olacaq “Şimal-Cənub” marşrutu üzrə daşınan yüklər cəmi 14 gün ərzində dəniz yolu, dəmir yol və avtomobil nəqliyyatı ilə mənzil başına çatdırılacaq. Ən cənub nöqtəsi Hindistanın Mumbay limanı olan marşrut daha sonra Pakistanın ərazi sularından keçməklə İrana, Azərbaycana və Rusiyaya tərəf davam edir. Yeni marşrut sayəsində konteynerlərin son məntəqəyə çatdırılması vaxtı ənənəvi marşrutla (Suveyş kanalından keçməklə Sankt-Peterburq limanına gedən marşrutla) müqayisədə iki dəfə azalacaq.