YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Mehdi Sənai: Şimal-Cənub dəhlizindən regionun bütün ölkələri faydalanacaq

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin tam olaraq həyata keçirilməsi üçün görülən işlər yekunlaşmaq üzrədir.

Bu sözləri İranın Rusiyadakı səfiri Mehdi Sənai Moskvada keçirilən “Beynəlxalq nəqliyyat dəhlizi: Şimal-Cənub” beynəlxalq konfransın açılış mərasimində deyib.

İranın İRNA agentliyinin verdiyi məlumata görə, səfir layihənin reallaşması üçün Azərbaycanın göstərdiyi səyləri xüsusilə vurğulayıb və görülən işləri yüksək qiymətləndirərək təşəkkür edib.

Qeyd olunub ki, Hindistan ilə Rusiyanı birləşdirəcək bu dəhliz regionun bütün dövlətləri üçün sərfəlidir. Layihə region dövlətlərinə həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək. Regional və beynəlxalq səviyyədə baş verən proseslər layihənin tez bir zamanda istifadəyə verilməsini tələb edir.

Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin inşası davam edir. Cari ilin sonunda Azərbaycan Astarası ilə İran Astarasını birləşdirəcək 8,3 kilometrlik dəmir yolu xətti istifadəyə veriləcək. Rəşt şəhəri ilə Astaranı (İran) birləşdirən yol açıldıqdan sonra İran ilə Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu, sadəcə iki ölkənin dəmir yollarının birləşməsi deyil, həm də Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın nəqliyyat əlaqəsinin qurulması olacaq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin cənub nöqtəsi Hindistanın Mubai limanıdır. Yüklər buradan İran-Azərbaycan-Rusiya-Avropa marşrutu üzrə və əks istiqamətə daşınacaq. İlkin mərhələdə dəhliz vasitəsi ilə ildə 6 milyon ton, perspektivdə isə 15-20 milyon ton yükün daşınması nəzərdə tutulur.