YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət müşaviri Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) partiyanın üzvü olan gənclərlə görüşüb.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dövlət müşavirinə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. Seymur Orucov gənclərə Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev həm də dünya səviyyəsində tanınmış görkəmli yazıçıdır. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” əsərləri rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə edilərək dünyada geniş oxucu kütləsi toplayıb.

Son dövrlərdə Kamal Abdullayev həm də Prezident İlham Əliyevin dövlət səviyyəsində həyata keçirdiyi multikulturalizm siyasətinin reallaşması üçün böyük əzmlə çalışır. Məhz akademikin birbaşa təşəbbüsü və təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi çoxsaylı beynəlxalq və regional layihələrə imza atır”.

Dövlət müşaviri Kamal Abdullayev Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərini BBMM-də görməkdən və onlarla görüşdən məmnunluğunu ifadə edib: ““Multikulturalizm ili” ilə bağlı istər-istəməz özümə hesabat verdikdə, il ərzində görülən işləri çək-çevir elədikdə nəsə intuitiv şəkildə hiss eləyirdim ki, elə bil hansısa boşluq qalıb. Mənə elə gəlir ki, bu gün burda sizinlə görüşümüz o boşluğu dolduracaq. “Multikultralizm ili” elan olunduqdan sonra xalqımızın canında, qanında, genetik yaddaşında yaşayan multikultural dəyərlər, o enerji oyandı, sanki sel kimi aşıb-daşdı. Cənab Prezidentin apardığı ardıcıl multikulturalizm siyasətinin təcəssümü kimi son dövrlərdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı. Və sistemli şəkildə yaradılan bütün bu təsisatlar görülən işlərlə bir-birini tamamlayır. Prezident İlham Əliyev “Multikulturalizm ili”ndə də elə aydın hədəflər göstərdi ki, bizə ancaq bunları reallaşdırmaq qalırdı. Azərbaycan multikulturalizminin siyasi banisi Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratmış olduğu Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bəşəriyyətin gələcəyinin inkişafını duya bilir, dövlət səviyyəsində multikulturalizm siyasətinin aparılması da buna sübutdur. Məhz belə bir siyasətin aparılması nəticəsində Azərbaycan insanının da təfəkkürü, düşüncə tərzi daha da inkişaf edib. Əgər illər öncə biz rayonlara səfərlərə gedəndə şəxsi xahişlər olurdusa, indi ictimai təklif və xahişlərlə yanaşırlar. Bütün bunlar Azərbaycan insanının da nə qədər dəyişməsinin göstəricisidir”.

Dövlət müşaviri dünyada multikulturalizm siyasətinə baxış və Azərbaycandakı multikultural təhlükəsizlik haqqında da fikirlərini bölüşüb: “Əsrlərdən bəridir Azərbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal şəkildə yanaşı yaşamaqdadırlar. Bu, Prezident İlham Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına göstərdiyi bərabər münasibətin nəticəsidir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır”.

Görüşdə Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvlərini maraqlandıran sulları cavablandırıb. Sonda YAP Gənclər Birliyinin kitabxanasına BBMM-in nəşrləri, görüşə gələn gənclərə isə Mərkəzin hədiyyələri təqdim olunub.