YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

Azərbaycan Bakı və Tehran arasında uçuşların sayının artırılmasında, İranın digər şəhərlərinə də birbaşa uçuşların təşkilində maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu fikir iqtisadiyyat naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşündə səsləndirilib.

Görüşdə İran nümayəndə heyətinin dekabrın 26-28-də ölkəmizə nəzərdə tutulan səfərinə, səfər çərçivəsində İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasının və Azərbaycan-İran biznes forumunun keçirilməsinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran Prezidentlərinin siyasi iradəsini vurğulayıb. Səhiyyə, maliyyə, bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev “Şimal-Cənub” nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından (Azərbaycan) İran sərhədinədək olan 8,3 kilometrlik dəmir yolu xəttinin tikintisinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, nəqliyyat dəhlizinə bir sıra ölkələr də maraq göstərir. Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-İran ticarət əlaqələri inkişaf edir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan tərəfi Bakı və Tehran arasında uçuşların sayının artırılmasında, İranın digər şəhərlərinə də birbaşa uçuşların təşkilində maraqlıdır.

İranın rabitə və informasiya texnologiyaları naziri, İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi “Bakutel-2016” sərgisində iştirak məqsədilə ölkəmizdə səfərdə olduğunu və 10-a yaxın İran şirkətinin sərgidə iştirak etdiyini qeyd edib. Mahmud Vaezi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə görüşdüyünü və ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələrin aparıldığını vurğulayıb. Son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən iranlı nazir əlaqələrin genişləndirilməsi perspektivlərinə və İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikirlərini bildirib.