YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Dil hər bir toplumun millət kimi mövcudluğunun əsas atributudur

«Dil hər bir toplumun millət kimi mövcudluğunun əsas atributudur». Bu fikri Azərbaycan  Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Amaşov bildirib ki, müstəqilliyimizi əldə etdikdən bəri Azərbaycan dili ilə bağlı 30-dək dövlət sənədi qəbul edilib. Onun sözlərinə görə, məqsəd Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dili kimi daha da inkişaf etməsinə yardım etmək olub.

«Bu gün  yalnız bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. Səkkizi Azərbaycan dilində deyildi, qalanlar da bank və apteklə bağlı idi. Biz bu kimi nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir. Ancaq məsələyə həssas yanaşmaq lazımdır. 10 reklamdan 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz. Yağış damcısı torpağa hopduğu kimi əcnəbi sözlər də şüurumuza həkk olunur. Bir növ məişətimizə, düşüncəmizə daxil olur. Sizcə, bu yolla dilimizi unutmuruqmu? Unuduruq əlbəttə, üstəlik dəyərlərimizi də yadırğamış oluruq. Unutmayaq ki, zaman ötdükcə, bu sahədəki boşluqların aradan qalxması çox çətin və ağrılı proses olur. Düşünürəm ki, elə indidən o sayaq naqisliklərin qarşısını almalıyıq. Bütün bunlar eyni zamanda qanunlarımızın tələbidir»- deyə, Ə.Amaşov vurğulayıb.