YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycan hər zaman Fransa ilə mədəni əlaqələrə önəm verir

Noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın “Total” neft-qaz şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Total” şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyi münasibətilə şirkət rəhbərliyini təbrik edib, daha böyük uğurlar arzulayıb.

Nazir Azərbaycan ilə Fransanın istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, Azərbaycan hər zaman Fransa ilə mədəni əlaqələrə önəm verir.

Ə.Qarayev dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan “Total”ın Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkəmizin neft-qaz sənayesinə sərmayə yatırmış beynəlxalq investorlardan biri olduğunu, SOCAR ilə “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyini bildirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR ilə “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki şirkətin birgə iştirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb.

Bildirilib ki, “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən konsorsiumda 5 faizlik iştirak payına malikdir. Şirkət, həmçinin gələn ilin ortalarında Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında ilk quyunu qazmağa hazırlaşır.

“Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanla əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləyib, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirib. O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib.

Bildirilib ki, “Total” Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Ümid” yatağı və “Babək” perspektiv sahələrinin işlənməsi layihələrində iştirak etmək üçün öz imkanlarından maksimum istifadə etməkdə maraqlıdır.

“Total”ın Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşal isə ötən 20 ildə Azərbaycanda səmərəli fəaliyyət göstərdiklərini qeyd edib. Bildirib ki, BTC və “Abşeron” qaz-kondensat yatağında aparılan geoloji-kəşfiyyat və qazma işləri, yatağın texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, hasilatın başlanması üçün işlənmə proqramının hazırlanması bu əməkdaşlığın bariz nümunəsidir. O vurğulayıb ki, bu illərdə istər Azərbaycan hökuməti, istərsə də Energetika Nazirliyi və SOCAR-dan daim dəstək görüblər.

Tədbirdə Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, SOCAR-ın rəhbərliyi, Azərbaycanın və Fransanın rəsmiləri, mədəniyyət, ictimai xadimləri iştirak ediblər.

Tədbir çərçivəsində “Total”ın sponsorluğu ilə keçirilən “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin ilkin, qapalı nümayişi baş tutub. Sərgi Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir. Şirkətin dəstəyi sayəsində baş tutan bu sərgi Azərbaycanla Fransa arasında gündən-günə intensivləşən mədəni əməkdaşlıqdan xəbər verir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” sərgisinin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

Sərgi noyabrın 26-dan 2017-ci il yanvarın 26-dək ictimaiyyət üçün açıq olacaq. Zəngin və rəngarəng kolleksiyaya malik Azərbaycan Milli İncəsənət Muzeyi toplusunda xüsusi yer tutan fransız bədii mədəniyyətini sənətsevərlərə təqdim edir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” sərgisində fransız rəssam, heykəltəraş, qravür və sənətkarlarının yüksək yaradıcılıq ənənələri, ideyaları müxtəlif texnikalarda yaratdıqları təsviri və dekorativ tətbiqi sənət əsərlərində dolğun şəkildə əks olunub. Hazırda muzeyin Fransa incəsənətinə aid olan kolleksiyası 300-dən çox sənət əsərindən ibarətdir. Sərgidə kolleksiyanın bir qismi nümayiş olunur. Sərginin xronoloji çərçivəsi XVII əsrdən XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin, Danyan Paskal Buvre, Qaspar Düqenin tabloları, Jan Dallen, Pyer Dreve, Jak Kallo, Şarl Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi tanınmış ustaların qravürləri, məşhur heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon, Etyen Moris Falkone, Mari Rozali Bonerin mərmər və tuncdan yaratdığı heykəl və kompozisiyalar yüksək bədii məzmunu, ifadəliyi, mükəmməl kompozisiya həlli ilə diqqəti cəlb edir. Sərgidə, həmçinin XVIII əsrdən çini istehsalında bədii ifadə dərəcəsi və üslub mükəmməlliyi ilə xarakterizə olunan Fransanın Sevr manufakturası, Duqoti, Nast, Solxer, Föyye və digər zavodlarının nadir və qiymətli nümunələri təqdim olunur. Mebel, xüsusən də məşhur “Bul” markasına məxsus nümunələr, saatlar, müxtəlif metal məmulatlar, tikmə və qobelen kolleksiyası, həmçinin qadın geyiminin ayrılmaz hissəsi və həqiqi sənət əsəri sayılan yelpiklər toplusu kifayət qədər maraqlıdır.

Qeyd edək ki, dünyanın yeddi supermajor neft şirkətindən biri olan “Total”ın əsası 1924-cü ildə “Fransız neft şirkəti” adı altında qoyulub. 130-dan çox ölkədə fəaliyyət göstərən “Total” bu il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edir.