YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək

Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.

Bu fikri jurnalistlərə müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova Ermənistan prezidentinin son bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib. Bahar Muradova bildirib ki, bu məsələyə dair Azərbaycanın mövqeyi birmənalıdır: “Azərbaycan bir qarış torpağının da ondan qoparılmasına razı olmayacaq. Serj Sarkisyanın mesajı onun şirin yuxusu ola bilər. Dünya birliyi də Azərbaycan ərazilərinin ondan qoparılmasına, Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına icazə verməyəcək. Azərbaycan bu prinsiplərlə mübarizə aparır və Ermənistanla danışıqlarda məhz bu mövqedən çıxış edir. Sarkisyan belə açıqlama verirsə, açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində gedir. Sarkisyanın söylədikləri danışıqların mahiyyətinə ziddir. Nəzərə alsaq ki, qarşıdan xarici işlər nazirlərinin görüşü gəlir və onlar da prezidentlərin növbəti görüşünü hazırlamaqla məşğul olacaqlar, bu cür açıqlama ilə Sarkisyan bəri başdan bu görüşdən imtina etdiyini bildirmiş olur”.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Ermənistan hər dəfə öz gücünə deyil, başqalarının gücünə arxalanmaqla hərəkət edir. Azərbaycan yalnız öz gücünə güvənərək mübarizə aparır və ərazi bütövlüyünü təmin edəcək. Aprel döyüşləri sübut etdi ki, güclü olan hansı tərəfdir. Əgər Ermənistan bundan sonra da ittifaqda olduğu ölkələrin gücünü öz hərbi gücü hesab edərək danışıqlarda iştirak edəcəksə, bu, yalnız onun məğlubiyyətinə gətirib çıxaracaq. Ermənistanın hazırkı iqtisadi durumu, sosial vəziyyəti, ordusunun acınacaqlı vəziyyəti aprel döyüşlərində özünü göstərdi. Bu günlərdə Ermənistan hüquq müdafiəçilərinin Azərbaycanda verdikləri açıqlamalar sübut etdi ki, Ermənistan cəmiyyəti də siyasi rəhbərliyin avantürasından narazıdır və öz problemlərinə görə məhz Sarkisyan rejimini günahkar sayır. Ölkələrin ərazi bütövlüyünün pozulması məqsədilə hər hansı hərbi ittifaqdan istifadə etmək mümkün olmayacaq.